EN

"Tramp qətiyyətli addımlar atmaqla Putini geri çəkilməyə məcbur edə bilər" - Zelenski

 
"Ukrayna savaşı 60-90 gün ərzində bitə bilər, amma bir şərtlə..."
 
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ lideri Donald Trampdan daha sərt və prinsipial mövqe gözlədiyini açıq şəkildə bəyan edib. Onun fikrincə, yalnız ABŞ-ın dəstəyi və güclü sanksiyalar paketi Putini geri çəkilməyə məcbur edə bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə o, "Sky News" nəşrinə müsahibəsində deyib.
 
Zelenskidən Trampa çağırış
Zelenski müsahibəsində Trampı "qətiyyətli şəxsi addımlar atmağa" və Putini qorxu altında saxlamağa çağırıb: "ABŞ  kifayət qədər güclüdür ki, müstəqil qərarlar versin. Mən inanıram ki, Tramp bizə lazım olan hava hücumundan müdafiə sistemlərini təmin edə bilər və kifayət qədər sanksiyalar tətbiq edərək Rusiya iqtisadiyyatına ağır zərbə vura bilər".
 
Zelenski xatırladıb ki, Avropa artıq 18 sanksiya paketi qəbul edib, lakin həlledici güc ABŞ-dan gəlməlidir. O, həmçinin Alyaska sammitinin Putinə çox şey qazandırdığını, amma Moskvanın bunun əvəzini ödəmədiyini vurğulayıb. Ukrayna liderinə görə, Putin ABŞ prezidenti ilə şəkillər və dialoq qazanmaqla təcriddən qismən çıxıb və indi yeni diplomatik meydanlar axtarır.
 
Zelenski xəbərdarlıq edib ki, Putin bütün gücü ilə sanksiyalardan yayınmağa çalışır. Onun sözlərinə görə, əgər Qərb təzyiqi zəiflətsə, Moskva yalnız vaxt qazanacaq və ordusunu daha yaxşı hazırlayacaq. "Putin yalnız güc dilini anlayır, başqa heç nəyi qəbul etmir", - o, bildirib.
 
Tramp və Zelenski arasında gözlənilən görüş
 
ABŞ Dövlət katibi Marko Rubio bəyn edib ki, Tramp yaxın günlərdə Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Zelenski ilə görüşə bilər. Bu görüşdə əsas mövzu sülh təşəbbüsləri olacaq. Rubio qeyd edib ki, Tramp həm Zelenski, həm də Putinlə danışa bilən yeganə vasitəçidir. Bununla belə, Vaşinqton hələlik ehtiyatlı mövqedədir: Tramp bir tərəfdən vasitəçilik ambisiyalarını davam etdirir, digər tərəfdən isə açıq şəkildə bildirir ki, Avropa olmadan yeni sanksiyalar paketi həyata keçirilməyəcək.
 
Avropanın rolu və ABŞ-ın tələbləri
ABŞ maliyyə naziri Skott Bessent Avropaya sərt mesaj göndərərək bəyan edib ki, Avropa ölkələri Rusiya neftindən imtina etsə və Çinə, Hindistana yüksək gömrük rüsumları tətbiq etsə, müharibə "60-90 gün ərzində bitə bilər". Onun sözlərinə görə, Avropa hələ də Rusiyanın enerji gəlirlərini kəsməkdə kifayət qədər rol oynamır və bu, münaqişəni uzadır. Vaşinqton həmçinin "Rosneft" və "Lukoyl" kimi şirkətlərə qarşı əlavə məhdudiyyətlər və dondurulmuş Rusiya aktivlərinin Ukraynanın xeyrinə istifadəsi məsələsini gündəmə gətirir.
 
Siyasi iradə testi
 
Ukrayna müharibəsi yalnız cəbhədə deyil, diplomatik masada da həlledici mərhələyə daxil olur. Zelenski Trampdan Putinə qarşı daha sərt mövqe gözləyir, Tramp isə Avropanın iştirakı olmadan yeni sanksiyalara getməyəcəyini bildirir. Nəticədə sual açıq qalır: Qərb liderləri müharibəni güclü sanksiyalar və birgə addımlarla dayandıra biləcəkmi, yoxsa Putin diplomatik oyunlarla vaxt qazanmağa davam edəcək?..
Chosen
27
1
moderator.az

2Sources