EN

Hava limanında taksi 4 dəfə bahalaşdı AYNA isə hamını ələ salır

Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.

Hava limanında taksi şirkətlərinin fəaliyyəti məhdudlaşdırılıb: yalnız London taksiləri və “Bolt”a Binə hava limanından müştəri götürməyə icazə verilir. Nəticədə qiymətlər 4 dəfə qalxıb – artıq hava limanından şəhərə gəlmək üçün 50-80 manat arası pul xərcləmək lazım gəlir.

Taksi qiymətlərini artırmaq üçün aidiyyəti qurumların qolunu bir ildən çoxdur çırmaladığını hər kəs bilir: müxtəlif “arqumentlərlə” taksilərə tələblər irəli sürdülər – 8 ildən köhnə maşınla taksi fəaliyyəti olmaz, vergi verməlidirlər, sağlamlıq arayışı almalıdırlar, etik qaydaları bilməlidirlər, imtahan verməlidirlər və s.

Taksi fəaliyyəti göstərmək üçün yeni maşın almağa məcbur edilən sürücülər həm də arayış-imtahanlara vaxt-enerji-pul itirir, üstəlik, vergi ödəyir. Nəticə?

Əlbəttə ki, bütün bunlar taksilərin sayının azalmasına və qiymətinin qalxmasına səbəb oldu.

Aidiyyəti qurum MM-in məlum komitəsi ilə birləşərək, taksi qiymətlərini qaldırmağa girişəndə əsas şüar olaraq nəqliyyat sıxlığını əsas götürmüşdü: guya ucuz taksiyə görə hamı taksi xidmətindən istifadə edir, nəticədə yollarda sıxlıq yaranır. “Alternativ” də təklif edilirdi: marşrut avtobusları üçün zolaqlar çəkilir, marşrut avtobusları yenilənir və son model olur – gəlin, istifadə edin, şəxsi nəqliyyat vasitəsi və taksidən istifadə etməyin, nəticədə sıxlıq azalsın, siz də mənzil başına ucuz və rahat çatın!

Ancaq nə komfort avtobuslar “müntəzəm” işləyə bildi, nə mənzil başına “ucuz” çatmaq oldu, nə də sıxlıq azaldı - əvəzində Bakıda ildən-ilə ucuzlaşan yeganə xidmət, taksi xidməti bahalaşdı!

İndi də hava limanından Bakıya taksini kəskin bahalaşdırmağa girişiblər. Hava limanında sərnişin götürməyi əksər taksi şirkətinə qadağan ediblər. Nəticədə London taksiləri dünənə qədər 12-13 manata apardığı yola indi 50 manat tələb edir.

Nədir məqsəd? Bu qurum nəyə nail olmaq istəyir? Hava limanında da tıxac var? Orda da tıxacın qarşısını almağa çalışırlar? Gecə saat 3-4-də Bakıya gələn şəxsi tıxacın olmadığı bir halda öz evinə getmək üçün dördqat pul ödəməyə məcbur etməyin səbəbi nədir?

Metro çəkilibmi aeroporta? Tramvay, trolleybus varmı hava limanına? Ya marşrut taksisi işləyir? Yaxud çeşid-çeşid, şəhərin bütün istiqamətlərinə marşrut təşkil edilib?

Yoxdur heç biri! Bakıda hava limanına yalnız 1-2 marşrut avtobusu açan kimi bu nəyin qadağasıdır ki?

AYNA-ya bu yöndən ünvanlanan sorğuları elə cavablandırır ki, sanki Elman Rüstəmov 2015 devalvasiyasını əsaslandırır: Necə ki, Elman Rüstəmovun sözlərindən heç nə başa düşülmürdü – terminlərlə cümlələri yükləyib, anlaşılmaz bir cavab verirdi, eynilə AYNA da o yolu seçib.

Sanki xalqı ələ salır AYNA! İnadla “qadağan etmişik” demir, yalnız “tələbləri artırmışıq”dan danışır!

Taksi tələbləri qoyulubmu? 8 ildən köhnə taksilərin işləməsi qadağandırmı? Sürücülər sağlıq yoxlamasından keçirmi? Vergi ödəyirmi? İmtahan verib sertifikat alırmı?

Yaxşı, nəyin “tələbini” qoymuşunuz? Hansı əsasla, hansı qanunla bu tələbləri yerinə yetirib, sertifikat alıb, vergi ödəyicisi olan taksi sürücüsünün hava limanından müştəri götürməsinə əngəl yaradırsınız?

Tələbləri sərtləşdirmisiniz? Məsələn, “Yanqo”nun taksilərinin böyük əksəri son model, ili qət-təzə olan BYD-lərdir. Niyə “Yanqo” taksiləri hava limanından sərnişin götürə bilmir? Niyə onların proqramları söndürülüb?

Bu boyda qanunsuzluğu AYNA-nın cavabına baxın: “Taksi fəaliyyəti göstərən nəqliyyat vasitələri və onların sürücüləri üçün qanunvericilikdə müvafiq tələblər müəyyən edilib. Taksi operatorları ilə qurulmuş səmərəli əməkdaşlıq nəticəsində bu tələblərin tam şəkildə tətbiq olunması istiqamətində məqsədyönlü işlər davam etdirilir. Xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər artıq müsbət nəticəsini göstərməkdədir”.

Hansı müsbət nəticələr? Qiymətin 4 dəfə qalxması? Yoxsa insanların əllərində çamadanla hava limanının girişinə qədər piyada gəlib, ordan taksi sifariş verməsi?

“Nümunə götürdüyünüz” Avropa ölkələrinin bəziləri hava limanlarından sərnişinləri şəhərə pulsuz daşıyır, sizin isə sərnişinlərdən necəsə pul qazanmaq arzularınız bitib-tükənmir!

Hələ üstəlik, hüquqi izahını verə bilmirsiniz, ələ salan açıqlamalar yayırsınız...

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
70
3
axar.az

4Sources