EN

"Ticarət əlaqələri Ermənistanın bundan sonra tutacağı mövqedən asılıdır" - Əli Orucov

Ermənistan parlamentinin sədri Alen Simonyan sensasion açıqlama ilə çıxış edib. O, qeyd edib ki, yaxın gələcəkdə Ermənistan-Azərbaycan arasında iqtisadi münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyacaq, vahid erməni-Azərbaycan əmtəə bazarı olacaq.

Bəs yaxın gələcəkdə Azərbaycan-Ermənistan arasında iqtisadi-ticarət münasibətləri qurula bilərmi?

Redaktor.az-a danışan AMİP liderinin köməkçisi,politoloq Əli Orucov bildirdi ki, münasibətlərin bu səviyyədə inkişaf etməsi Ermənistanın bundan sonra tutacağı mövqedən asılıdır:

"Hələ ki, Ermənistanda biz qəti mövqeyini görə bilmirik. Yəni konstitusiyalarında Azərbaycana qarşı iddiaların aradan götürülməsi ilə bağlı konkret adımları hələ biz görməmişik. Əgər bunlar baş verərsə, doğrudan da normallaşma prosesi uğurla yekunlaşarsa, belə bir hal olar, Ermənistanla Azərbaycan arasında iqtisadi əlaqələr də yarana bilər. Yəni bütün bunların hamısı sülh sazişinin imzalanmasından və bundan sonra da hər iki dövlət tərəfindən münasibətlərdən asılı olacaq".

Siyasi şərhçinin fikrincə, sülh sazişinin imzalanması hər şey demək deyil.

"İlk növbədə erməni cəmiyyəti bu sazişi qəbul eləməlidir. Erməni xalqı bu sazişə imza atmalıdır. Azərbaycana qarşı daxilən pataloji nifrət aradan qaldırılmalıdır. Eyni zamanda onlar da Azərbaycana yönəlik ambisiyalar, iddialardan tam əl çəkməlidirlər, reallıqları qəbul eləməlidirlər. Ondan sonra bəli, iqtisadi-ticarət əlaqələri də ola bilər, mədəni sahələrdə də əməkdaşlıq mümkündür. Bu, artıq onların mövqeyindən də birbaşa aslı olacaq şeylərdir", - deyə Əli Orucov vurğuladı.

Aytəkin TOFİQQIZI

Chosen
13
1
redaktor.az

2Sources