EN

Nigar Köçərlinin “zəhləmi töküblər” dediyi qurumdan iddialara CAVAB

Xəbər verdiyimiz kimi, “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin fəaliyyətindən narazılıq edib. 

O, “Facebook” hesabında paylaşım edərək bildirib ki, mərkəzin yaratdığı süni maneələr səbəbindən sahibkarlar əlavə xərclərə məruz qalır, kitablar isə əsassız şəkildə “müsadirə” olunur: 

“İngiltərədən özəl sifariş olaraq 1000 manat dəyərində kitablar gətirmişəm, sertifikat adı ilə bizə 1 900 manatlıq pul ödətdiriblər, üstəlik də 500 manat dəyərində olan ən bahalı kitabları "ekspertiza" adı ilə "müsadirə" ediblər və qayrtarmırlar. Müştəri də öz kitablarını tələb edir. Mən ona nə deməliyəm? Kitab əvəzinə 1 900 manatlıq heç kəsə lazım olmayan sertifikatı təhvil verməliyəm?” 

N.Köçərlinin sözlərinə görə, son bir ay ərzində şirkət 2 600 manat ziyana düşüb və gətirilən bəzi kitablar hələ də geri qaytarılmayıb: 

“Yalnız son ay ərzində bu mərkəzin hoqqalarına görə bizə 2 600 ziyan dəyib. Çünki sertifikatlarla qarışıq yaradıb gömrük işlərimizi yubadırlar, gömrük də bizdən saxlama pulunu artıqlaması ilə alır. Üstəlik, heç kəsə lazım olmayan sertifikatlara 3 100 manat ödəmişik. Çoxlu kitabları "müsadirə" ediblər. 

Bu, yalnız son aydadır. Dünən mərkəzin rəisi Aris Rüstəmov, müavini Famil bəy, əməkdaşları Pərvanə və Həcər xanımla  görüşdük. Bir saatlıq şirin söhbətdən sonra məni arxayın etdilər ki, kitablarımı geri qaytaracaqlar və 1-2 ədəd kitaba görə daha sertifikat tələb etməyəcəklər. 

Razı salıb, yola saldılar. Sonra isə yenə get-gələ saldılar, kitabları geri qaytarmadılar, üstəlik, yeni gələn sifariş üçün əlavə 300 manat və "müsadirə" üçün bahalı kitab tələb etdilər. Dünən bütün günü əsəbimi alıb zəhləmi töküblər. Mən öz haqqımı tələb edirəm! Kitablarımı qaytarın!” 

“Cebheinfo.az” məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzi ilə əlaqə saxladıq. Respublika Sanitariya-Karantin Mərkəzindən bildirilib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Sanitariya-Karantin Mərkəzi” publik hüquqi şəxs idxalçının müraciətinə əsasən Respublikaya idxal olunan sanitariya nəzarətinə aid qeyri-ərzaq məhsullarının ekspertizası keçirir, onların laborator müayinələrini aparır, müayinə nəticələri sanitariya-gigiyena norma və tələblərinə cavab verdiyi təqdirdə onların gigiyenik sertifikatlaşdırılmasını həyata keçirir. 

Qeyd olunub ki, “Ali və Nino Yayım” MMC tərəfindən Respublikaya idxal edilmiş poliqrafiya məhsullarına gigiyenik sertifikatın verilməsi üçün Mərkəzə 09.02.2025-ci il, 03.09.2025-ci il, 04.09.2025-ci il, 11.09.2025-ci il tarixli müraciətlər daxil olub. İdxal edilmiş məhsullardan nümunələr götürülməklə laborator müayinəyə cəlb edilib: 

“Laborator test və ya sınaq məqsədilə götürülmüş məhsul nümunəsi aparılmış laborator analizlərdən sonra fiziki-kimyəvi, toksikoloji və mikrobioloji çirklənməyə məruz qalmaqla orijinal fiziki və kimyəvi xüsusiyyətlərini itirdiyi üçün istifadəyə yararsız hesab olunur və onun dərhal zərərsizləşdirilməsi tələb olunur. 

AZS ISO/IEC 17025:2020 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartının imperativ göstərişlərinə uyğun olaraq, laboratoriyada sınaq nümunələrinin saxlanması, müəyyən müddət qorunması və məhv edilməsi ilə bağlı prosedurlar olmalıdır. Nümunənin çirklənməsi və ya ilkin vəziyyətinin dəyişməsi zamanı sözügedən nümunə müştəriyə qaytarılmamalıdır”. 

Chosen
40
9
cebheinfo.az

10Sources