EN

""Qarabağ"dan ən azı 1 xal gözləyirəm" - Tanınmış məşqçidən PROQNOZ

“Qarabağ” futbol klubunun ötən gün keçirilən mətbuat konfransında portuqaliyalı jurnalistlərin Qurban Qurbanova sual ünvanlamaması sosial şəbəkələrdə istifadəçilər tərəfindən müzakirələrə səbəb olub. Bunun səbəbi ilə bağlı bir sıra versiyalar irəli sürülüb.


Məsələ ilə bağlı tanınmış məşqçi Tərlan Əhmədov Manset.az-a danışıb. O bildirib ki, mətbuat konfransında sualın verilib-verilməməsi təbii prosesdir.



“Görünür, portuqaliyalı jurnalistlər öz komandalarına daha çox güvənirlər buna görə də heç bir sual verməyiblər. Sualın niyə verilmədiyini biz dəqiq deyə bilmərik, bu sadəcə fərziyyə olar. Bəzi hallarda mətbuat konfranslarına yalnız bir neçə jurnalist gəlir. Bu, insanların peşəkar yanaşmasıdır”.

Şərhçi bu gün baş tutacaq oyunla bağlı proqnozları haqqında da danışıb:

“Çempiyonlar Liqasının Liqa mərhələsinin oyunudur və “Qarabağ” “Benfika” ilə üzləşəcək. “Benfika” Portuqaliyada sayılıb seçilən klublardan biridir. Bildiyim qədər “Benfika” bu yay klublar arasında Dünya Çempionatında iştirak edib. İstər-istəməz komandanın böyük təcrübəsi var. “Benfika”nın heyətində güclü futbolçular çoxdur. Komanda evdə oynadığı üçün çalışacaq ki, ilk dəqiqələrdən yaxşı nəticələr əldə etsin. Belə komandalar əsasən ilk 15 dəqiqədə və hissənin sonlarına yaxın təzyiq göstərirlər ki, nəticələr əldə etsinlər. Pley-off-da Fənərbaxçanı da uzaqlaşdırıb. Ora gələn komandalar təsadüfən ora düşmür, müəyyən mərhələlər keçirlər. Hazırda bütün oyunlar bərabərdir amma nəticə necə olacaq bu, ilk 90 dəqiqədə bəlli olacaq”.

Tərlan Əhmədov “Qarabağ”dan minimum gözləntinin ən az 1 xal olduğunu qeyd edib. O, xüsusilə vurğulayıb ki, “Qarabağ”ın əks hücumları var, o, hücum xəttində baxımlı futbol oynaya bilir:

“ “Qarabağ”ın müdafiəsində problemlər həddindən artıq çoxdur. Biz bunu “Ferensvaroş”un oyununda da görmüşük. Son çempionatdakı oyunda Sumqayıta məğlubiyyət və s. İstər-istəməz komandanın müdafiəsindəki problemlər özünü açıq şəkildə göstərir. “Qarabağ” daha çox hücuma fikir verir, hücumu daha çox mükəmməlləşdirir amma bəzən müdafiə də yaddan çıxır. Belə oyunlarda daha diqqətli olmaq lazımdır. Çünki belə oyunlarda əsas məqam komandanın top buraxmamasıdır. Səbəb isə bu oyunun bir oyundan ibarət olmasıdır. Xal əldə olunmalıdır, cavab görüşü yoxdur, buna görə də məcbursan ki, top buraxmayasan. Hər halda epizod olsa bundan mütləq şəkildə istifadə olunmalıdır. Amma belə qısa turnirlərdə müdafiə mükəmməl olmalıdır ki, məğlub duruma düşməyəsən”.

 

Fidan Vəlisoy 

Chosen
15
manset.az

1Sources