EN

Şəhid adının küçələrə verilməsi ilə bağlı güzəştlərin tətbiq edilməsi təklif olunur


Birinci və İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatları şəhidlərinin adlarının təkcə yerlərə, meydanlara deyil, eyni zamanda həmin yerlərdəki təhsil müəssisələrinə verilməsi üçün Nazirlər Kabinetinin müəyyən etdiyi normalar var: azı iki orden alan şəhidin adı müəssisələrə verilə bilər.

Trend xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Vasif Qafarov komitənin bugünkü iclasında “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı zamanı deyib.

“Lakin elə kəndlər var ki, orda cəmi 1 şəhid var, amma bir medalı və ya ordeni çatmır. Orada ikinci bir şəhid də yoxdur ki, müqayisə edib, üstünlük tanıyasan. Belə kəndlərdə o bir şəhid üçün istisnalıq tanınsa, çox yaxşı olar”, - deyə deputat bildirib.

Komitə sədri Siyavuş Novruzov da xatırladıb ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanun var. Həmin qanunda hansı yerlərə şəhid adlarının verilməsi nəzərdə tutulur.

“Elə yerlər var ki, bir kənddə 5 şəhid, 1 məktəb var. Ona görə də adın verilməsi çətinlik yaradacaq. Bu o demək deyil ki, həmin şəhid ailəsinə qayğı göstərilmir. Onun adına park, küçə verilə bilər. Azərbaycanda təxminən 5 minədək məktəb var. Şəhidlərimizin sayı təxminən 15 minə yaxındır. Elə olur ki, bir məktəbə 3 nəfər düşür. Bu məsələ ətrafında dəfələrlə müzakirə olunub. Şəhid ailələri ilə söhbət zamanı bunu izah etməyə çalışırıq”, - deyə S.Novruzov qeyd edib.

Chosen
40
13
baki-xeber.com

10Sources