EN

ABŞ və Çin "TikTok"la bağlı razılığa gəldi

ABŞ ilə Çin arasında uzun müddətdir davam edən “TikTok”un mülkiyyəti ilə bağlı mübahisədə irəliləyiş əldə olunub.

Hər iki ölkənin ticarət nümayəndələri tətbiqin ABŞ nəzarətinə keçməsini nəzərdə tutan çərçivə razılaşmasının əldə edildiyini açıqlayıblar.

"Cebheinfo.az" xəbər verir ki, Madriddə keçirilən yüksək səviyyəli görüşlərdən sonra danışan ABŞ Maliyyə naziri Skott Bessent bildirib:

““TikTok” üçün bir çərçivə razılaşmamız var. Ticarət şərtləri iki özəl tərəf arasında müəyyənləşdirilib və razılaşdırılıb”. 

Bessent Çin tərəfinin danışıqlarda “aqressiv tələblər” irəli sürdüyünü, lakin onların detalları barədə məlumat vermədiyini qeyd edib.

Çinin baş danışmanı Li Çengqanq isə “TikTok” mövzusunda əməkdaşlıq əsasında razılığa gəldiklərini təsdiqləyib:

“Ticarət və iqtisadi məsləhətləşmələrin nəticələri çətin əldə olunub. ABŞ, Çinin narahatlıqlarını aradan qaldırmasını istəyərkən, eyni zamanda Çin şirkətlərinə təzyiqi davam etdirməməlidir”.

Vaşinqton rəhbərliyi “TikTok”un çinli sahibi Byte Dance vasitəsilə Pekinin istifadəçi məlumatlarını toplaya biləcəyi və ictimai rəyə təsir göstərə biləcəyi narahatlığı ilə illərdir platformanın satılmasını tələb edirdi.

ABŞ Federal Təhqiqatlar Bürosunun keçmiş direktoru Kristofer Rey Senatda çıxışı zamanı Çin qanunlarının Byte Dancei ABŞ vətəndaşlarının məlumatlarını təqdim etməyə məcbur edə biləcəyini bildirmişdi.

Bayden rəhbərliyi 2024-cü ildə qəbul etdiyi qanunla Byte Danceə “TikTok”u ABŞ tərəfindən təsdiqlənmiş bir alıcıya satması üçün doqquz ay müddət vermiş, əks halda platformanın qadağan ediləcəyini açıqlamışdı.

Lakin Donald Tramp vəzifəyə gələr-gəlməz bu qadağaları dəfələrlə təxirə salmış “TikTok” bu müddət ərzində ABŞ-də qısa müddətlik əlçatanlıqdan çıxarılmış, “Apple” və “Google” tətbiq mağazalarından silinmişdi. Lakin hökumət zəmanətlərindən sonra yenidən istifadəyə açılmışdı.

Maliyyə naziri Bessent razılaşmanın son detallarının Tramp ilə Çin Prezidenti Si Cinpinin cümə günü keçirəcəyi görüşdə dəqiqləşəcəyini bildirib. Tramp “Truth Social” platformasında paylaşım edərək, “Gənclərin çox sevdiyi bir şirkətlə bağlı razılıq əldə olundu. Çox sevinəcəklər!” ifadəsini işlədib.

ABŞ Ticarət Nümayəndəsi Cemison Qrir isə razılaşmanın artıq iki liderin təsdiqinə qaldığını bildirərək, “Artıq daimi təxirə salmalar olmayacaq. Bir razılaşmamız var” deyib.

Chosen
24
cebheinfo.az

1Sources