ain.az bildirir, Konkret.az saytına əsaslanaraq.
İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycan və Ermənistan arasındakı problemləri “öz mürəkkəbliyi olan məsələlər” kimi qiymətləndirməsinə münasibət bildirilib. Maraqlıdır, Ermənistanın 3+3 formatına qoşulması regiondakı müzakirələrin səmərəliliyinə necə təsir göstərə bilər?
KONKRET.az-a açıqlamasında Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov bildirib ki, “mürəkkəb münasibətlər” ifadəsi həm tarixi, həm də bu gün üçün bir çox faktorları əhatə edir:
“Doğrudan da Azərbaycanla Ermənistan arasında münasibətləri mürəkkəb adlandırmaq olar. Bu, yalnız bu günlə bağlı deyil. Tarixi gedişata baxsaq, iki xalq arasında daim gərginlik olub. Azərbaycan torpaqlarını itirib, yüz minlərlə insan öz yurd-yuvasından köçüb. Onların geri qayıtmaq hüququ var. Qarabağ münaqişəsini Azərbaycan özü həll etdi. Lakin buna baxmayaraq, hələ də sülh müqaviləsi imzalanmayıb ki, bu da münasibətləri çətinləşdirən əsas amillərdəndir”.
Ekspertin sözlərinə görə, təhlükəsizlik aspektindən də problemlər mövcuddur:
“Azərbaycan Türkiyə ilə müttəfiqdir, Ermənistan isə daim Rusiyaya bağlı siyasət yürüdüb. Bu da gərginliyi artırır. Üstəlik, Zəngəzur dəhlizi məsələsi var ki, burada ABŞ-ın iştirakı ön plana çıxır. Nə İran, nə də Rusiya bu dəhlizin açılmasında maraqlı deyil, çünki bu, onların iqtisadi və siyasi təhlükəsizliyinə müəyyən risklər yaradır. Abbas Əraqçinin “mürəkkəblik” ifadəsi də məhz bunlara işarədir”.
Vəli Əlibəyov Ermənistanın 3+3 formatına qoşulmasının perspektivlərinə də toxunub:
“Bu platforma bir neçə il əvvəl yaradılıb. Məqsəd regiondakı problemləri kənar güclərin deyil, məhz region ölkələrinin həll etməsi idi. Ermənistan əvvəllər soyuq yanaşırdı, amma indi vəziyyət dəyişib. Qarabağ məsələsində mövqeyini dəyişən Ermənistan, proseslərdən təcrid olunmamaq üçün 3+3 formatında iştirak edər. Bu, iqtisadi imkanlar da aça bilər. Lakin unutmayaq ki, bu format əslində Rusiya, İran və Türkiyənin maraqlarına daha çox xidmət edir. Ermənistanın qoşulması isə Qərbin regiona təzyiqlərini artırar”.
Ekspert əlavə edib ki, yaxın perspektivdə bu platformanın effektivliyi sual altında qala bilər:
“Ola bilsin, 3+3 formatının adı qalsa da, praktik fəaliyyəti zəifləsin. Çünki Qərb Moskva-Tehran-Ankara xəttinin güclənməsini istəmir. Bu baxımdan həm Azərbaycan, həm də Ermənistan müəyyən təzyiqlərlə üzləşəcək”.
Müşviq Tofiqoğlu
KONKRET.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.