Qeyd edək ki, Azərbaycanlı miqrantlara qarşı da oxşar hallar olmuşdu. Bu, Rusiya daxilində miqrant siyasətində sistemli problemləri göstərirmi, yoxsa ayrı-ayrı insidentlərdir? Rusiya miqrant siyasətində belə halların qarşısını almaq üçün hansı addımlar ata bilər?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
" Rusiyada miqrantlara, xüsusilə də Türk dövlətlərindən olan miqrantlara qarşı artan aqresiyanın səbəbləri məlumdur. Azərbaycandan sonra Özbəkistanın hədəf seçilməsi də bununla bağlıdır. Belə ki, Azərbaycan kimi Özbəkistanda da son illər müstəqil siyasət yeridilir və ölkə Rusiyanın orbitindən uzaqlaşır. Miqrantlara qarşı mübarizə əslində Rusiyanın keçmiş postsovet məkanlarına təzyiq vasitəsi kimi istifadə etməyə çalışdığı əsas alətdir. Bu təzyiq vasitələrini işə salmaqla Rusiya həmin dövlətlərin müstəqil siyasət yürütməsinin qarşısını almağa və onları öz təsir zonasında saxlamağa çalışır. Əlbəttə, bu tip hadisələr Özbəkistan-Rusiya münasibətlərinə də müəyyən mənfi təsir göstərəcək. Özbəkistan da buna reaksiya verəcək və öz vətəndaşlarının Rusiyada hüquqlarını qorumaqla bağlı müəyyən addımlar atmağa çalışacaq. Bir daha qeyd etmək lazımdır ki, bu, Rusiyanın dövlət siyasətinin bir hissəsi kimi baş verən hadisədir. Xatırlayaq ki, bir müddət əvvəl Rusiyanın Xarici İşlər Naziri Özbəkistanda səfərdə olarkən Səmərqənddə bir abidənin önündə rus dilində yazının olmamasına etiraz etmişdi, amma onun Özbək həmkarı ona lazım olan cavabı verərək onu susturmuşdur. Bütün hallarda baş verən hadisə də dövlətlərarası münasibətlərə mənfi təsir göstərəcək deyə düşünürəm".
Zeynəb Mustafazadə