Ajans.az xəbər verir ki, tədbirin əsas məqsədi kibertəhlükəsizlik sahəsində regional əməkdaşlığın gücləndirilməsi, kritik infrastrukturun mühafizəsi və rəqəmsal suverenlik prinsipləri əsasında davamlı iqtisadi inkişafın təmin olunmasıdır. Tədbirdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətininin baş idarə rəisinin müavini və OİC-CERT İdarə heyətinin üzvü Tural Məmmədov “İƏT məkanında kritik infrastruktur kibertəhlükəsizliyinin əməkdaşlıq yolu ilə gücləndirilməsi” mövzusunda panel müzakirəsində çıxış edib. O, ölkəmizin kritik informasiya infrastrukturlarının qorunması istiqamətində görülən işlər, dövlət və özəl sektor arasında tərəfdaşlığın inkişafı, risk qiymətləndirilməsi, həyata keçirilən auditlər və kibertəhlükələrin qarşısının alınmasında əldə edilmiş qabaqcıl təcrübələrdən ətraflı məlumat vermişdir. T. Məmmədov NATO-nun dəstəyi və Rumıniya İCU tərəfdaşlığı ilə həyata keçirilən “Kiber Poligon” layihəsindən bəhs edərək, informasiya təhlükəsizliyinin təmin olunmasında beynəlxalq əməkdaşlığın rolunu vurğulamışdır. Qeyd edək ki, tədbir çərçivəsində müxtəlif ölkələrin kibertəhlükəsizlik mərkəzləri ilə ikitərəfli görüşlər keçirilmiş, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qabaqcıl təcrübələrin paylaşılması və gələcək planlar müzakirə olunmuşdur. Keçirilən görüşlər zamanı XRİTDX-nin təşkilatçılığı ilə cari ilin oktyabr ayında keçiriləcək “CIDC-2025” tədbiri barədə ətraflı məlumat verilmişdir. Azərbaycanın sahə üzrə təcrübəsini öyrənmək istəyən bir sıra ölkələrin tədbir çərçivəsində keçiriləcək “Ağıllı Şəhərlərdə Kibermüharibə” yarışında öz komandaları ilə iştirakı razılaşdırılmışdır.