Rusiya və Belarusun sentyabrın 12-dən 16-dək keçirdiyi “Qərb-2025” strateji hərbi təlimlərinə ABŞ hərbçiləri də qatılıb.
Hurriyyet.az xəbər verir ki, onları Minskdə Belarusun müdafiə naziri Viktor Xrenin qarşılayıb.
Bildirilir ki, təlimlərdə ABŞ səfirliyinin müdafiə attaşesi, polkovnik-leytenant Brayan Patrik Şoup da iştirak edib.
“Reuters” agentliyi amerikalı hərbçilərin təlimlərdə görünməsini gözlənilməz addım kimi qiymətləndirərək, bunu ABŞ və Belarus arasında münasibətlərin istiləşməsi əlaməti hesab edib.
Rəsmi məlumata görə, sentyabrın 15-də keçirilən təlimlərə 23 ölkənin nümayəndəsi qatılıb. Onlardan üçü NATO üzvü – ABŞ, Türkiyə və Macarıstandır.
Ümumilikdə təlimlərə 13 mindən çox hərbçi cəlb olunub. Manevrlərin əsas məqsədi İttifaq dövlətinin müdafiə qabiliyyətini gücləndirmək və qərargahlar arasında qarşılıqlı əlaqəni sınaqdan keçirməkdir.
Təlimlərin başlanğıcında Polşa sərhəd təhlükəsizliyinə görə sərt addım ataraq, Belarusla bütün sərhədlərini bağladığını açıqlayıb. Məhdudiyyətlər həm avtomobil, həm də dəmir yolu keçidlərini əhatə edib.
Moskva isə bildirir ki, təlimlər planlı xarakter daşıyır və heç bir dövlətə qarşı yönəlməyib. Prezidentin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, bu cür manevrlər “təbiidir və həmişə qonşu ölkələrin diqqətini cəlb edir”.