EN

Daşkənddə Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” kitabının təqdimatı keçirilib

Daşkənddəki Yunus Rəcəbi adına Milli Musiqi Sənəti İnstitutunda (MMSİ) görkəmli bəstəkar, dirijor, musiqişünas, publisist, dramaturq, pedaqoq, ictimai xadim Üzeyir Hacıbəylinin Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap olunan “Azərbaycan xalq musiqisinin əsasları” kitabının təqdimatı keçirilib. 

Tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, institutun professor- müəllim heyəti, tələbələr, jurnalistlər iştirak edib. 

Təqdimat mərasimini MMSİ-nin rektoru, professor Eldor Şermanov açaraq kitabın əhəmiyyətindən danışıb, toplunun Azərbaycan musiqi sənətinin inkişafındakı mühüm rolunu qeyd edib, əsərin digər Şərq xalqları üçün də mühüm mənbə olduğunu vurğulayıb.

Ölkəmizin Özbəkistandakı səfirliyinin müşavir-elçisi  Fariz Məmmədov qonaqları
salamlayaraq bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il böyük Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb və bu bir daha təsdiq edir ki, ölkəmizdə böyük bəstəkara hörmət sonsuzdur.  Sərəncama əsasən təşkil edilən bu tədbir görkəmli bəstəkarın zəngin yaradıcılıq irsinin dərindən öyrənilməsi, onun milli musiqi mədəniyyətinin inkişafındakı müstəsna xidmətlərinin təbliği və gələcək nəsillərə çatdırılması məqsədi daşıyır.

Fariz Məmmədov deyib ki, hələ 1995-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev böyük Üzeyir Hacıbəylinin anadan olduğu günü, sentyabrın 18-ni ölkəmizdə Milli Musiqi Günü elan edib. Bu da böyük bəstəkara olan hörmət və ehtiramın təcəssümüdür. 

O bildirib ki, “Leyli və Məcnun” operasını yazmaqla müsəlman Şərqində ilk operanın əsasını qoyan bəstəkarın “Koroğlu” operası, “O olmasın, bu olsun” və “Arşın mal alan” operettaları milli musiqimizin zirvələri sayılır. 

Səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli bildirib ki, Üzeyir Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir. O, Azərbaycan bəstəkarlıq məktəbinin banisi, milli musiqi xəzinəsini nadir forma və janrlarla zənginləşdirən novator sənətkardır. Üzeyir Hacıbəyli təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının mədəniyyətinə böyük töhfə verib. Onun yaradıcılığı Azərbaycan musiqisini dünya səviyyəsinə qaldırmaqla yanaşı Özbəkistanda musiqi və teatr sənətinin inkişafına da bəhrəsini verib. Əminəm ki, təqdim olunan bu qiymətli kitab özbək musiqiçiləri, xanəndələri, musiqisevərlər üçün qiymətli mənbə olacaq.

Sonra institutun professoru Saibjon Beqmatov, dosentlər Bəxtiyar Aşurov, Şaxzoda Berdixanova, “Soqdiana” Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri, Özbəkistanın Əməkdar artisti, professor Firuza Abduraxmanova və başqaları əsərin Özbəkistanda çap edilməsini böyük hadisə adlandırıblar. Onlar bu kitabı Azərbaycanın zəngin musiqi irsini ilk dəfə elmi şəkildə sistemləşdirən fundamental tədqiqat əsəri kimi dəyərləndiriblər. 

Sonra institutun tələbələri Azərbaycan və özbək musiqilərini səsləndiriblər.  

 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd 

 

 

 

Chosen
21
xalqqazeti.az

1Sources