EN

Dövlət Agentliyi Seulda beynəlxalq rəqabət tədbirlərində iştirak edib

BAKI, 16 sentyabr. TELEQRAF

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Seul şəhərinə işgüzar səfər edib.

Agentlikdən Teleqraf-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti III Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası – Müstəqil Dövlətlər Birliyi – Koreya Ədalətli Ticarət Komissiyasının İcraçılar Sammiti (ASEAN-CIS-KFTC) və XIII Seul Beynəlxalq Rəqabət Forumunda iştirak edib.

“ASEAN-CIS-KFTC” İcraçılar Sammitində region ölkələrinin rəqabət qurumları arasında beynəlxalq əməkdaşlığın gücləndirilməsi, müvafiq sahədə təcrübə mübadiləsi, o cümlədən “Rəqabət qanunvericiliyinin tətbiqində cari tendensiyalar” mövzusunda sessiyalar təşkil olunub.

“Rəqabət qanunvericiliyinin tətbiqində cari tendensiyalar” sessiyasında Agentliyin sədri Elnur Bağırov məruzəçi qismində çıxış edərək Azərbaycanda beynəlxalq təcrübə nəzərə alınmaqla ərsəyə gətirilən Rəqabət Məcəlləsindən bəhs edib. İstehlakçıların mənafelərinin qorunması istiqamətində mühüm tədbirlərin görüldüyünü və haqsız rəqabət halları ilə mübarizə çərçivəsində bazar iştirakçıları üçün bərabər imkanların yaradıldığını vurğulayıb. Bundan əlavə, dövlət satınalmaları sahəsində təchizatçılar üçün əlçatanlığın və ədalətli rəqabət mühitinin təmin edilməsi məqsədilə satınalma proseslərində süni intellektin potensial tətbiqi imkanlarından söz açılıb.

Forumda həmçinin Səudiyyə Ərəbistanının Rəqabət üzrə Baş İdarəsinin baş icraçı direktoru Dr. Fahad Alşatri, Yaponiya Ədalətli Ticarət Komissiyasının sədri Eyci Çatani, Amerika Birləşmiş Ştatlarının Federal Ticarət Komissiyasının sədri Endryu Ferquson, Polşanın Rəqabət və İstehlakçıların Müdafiəsi Ofisinin prezidenti Tomaş Krostni, Fransa Rəqabət Qurumunun prezidenti və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Rəqabət Komitəsinin sədri Benua Köre, Sinqapur Rəqabət və İstehlakçı Komissiyasının baş icraçı direktorunun müavini Ee Kia Ng, OECD Rəqabət sektorunun rəhbəri Ori Şvartz, eləcə də digər milli rəqabət qurumlarının və nüfuzlu ali təhsil müəssisələrinin nümayəndələri təmsil olunublar.

Tədbir zamanı “Rəqabət sahəsində dəyişikliklər və rəqabət qurumlarının yenilənən səlahiyyətləri”, “Rəqabət və istehlakçı hüquqları ilə bağlı məlumatlar və əlaqəli məsələlər”, “Rəqəmsal sektorda spesifik məsələlər: Elektron ticarət və OTT (over-the-top - internet üzərindən birbaşa media xidmətləri)” mövzularında sessiyalar təşkil olunub.

Chosen
21
8
teleqraf.com

9Sources