EN

Daşnakların “gözündə qalan” sevinci, Qafqaz Ordusunun Bakı Sentrokaspi diktaturasını çökdürməsi

“1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. 1918-ci ilin 28 mayında Azərbaycan müstəqillik əldə etdi, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti elan olundu”.

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

Deputat bildirib ki, həmin dövrdə Bakıda yadelli hakimiyyəti mövcud idi:
“Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və müstəqilliyin bütün ölkə ərazisində elan olunması üçün Cümhuriyyət hökuməti qardaş Türkiyəyə müraciət etdi. Azərbaycana gəlmiş türk hərbi qüvvələri ilə milli hərbi qüvvələrin bazasında Qafqaz İslam Ordusu yaradıldı və Nuru paşa onun komandanı təyin edildi”.

O əlavə edib ki, iyulun sonunda türk və Azərbaycan milli qüvvələrinin Bakı ətrafında cəmlənməsindən sonra şəhərdə S. Şaumyanın rəhbərliyi ilə fəaliyyət göstərən Bakı Soveti hakimiyyəti Sentrokaspi adlanan eser-menşevik-daşnak hökumətinə təhvil verdi:
“Sentrokaspi diktaturası özünü Bakının hakimi elan etdi. İranda yerləşən ingilis hərbi qüvvələrinin komandanı general Denstervil briqadasının bölmələri ilə birlikdə avqustun əvvəlində Ənzəlidən Bakıya gəldi. Onların gəlişi erməni daşnaklarını sevindirsə də, Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu qarşıya qoyulan vəzifənin öhdəsindən məharətlə gəldi. Bakı şəhəri tam azad edildi, Sentrokaspi adlanan diktatura süqut etdi”.

Beləliklə, Bakı və ətraf ərazilər işğalçılardan təmizləndi. İki gün sonra Azərbaycan hökuməti Gəncədən Bakıya köçdü.

Azərbaycan və türk əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək dövlətimizin tarixinə şərəfli gün yazdılar. Əsgərlər döyüşlərdə böyük şücaət və misilsiz qəhrəmanlıq göstərdilər. Bu savaşlarda mindən çox türk əsgəri şəhid oldu. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk sədri Fətəli xan Xoyskinin təbirincə desək: “Millət sizə minnətdardır”.

Milli dövlətçilik tariximizdə mühüm əhəmiyyət kəsb edən bu hadisənin mahiyyəti ölçüyəgəlməzdir. Türkiyənin hərbi yardımı ilə Azərbaycanın yadellilərdən azad olunması iki xalqın qardaşlıq və həmrəylik nümunəsidir.

Mürtəza

Chosen
25
1
olke.az

2Sources