EN

Avropanın bir neçə şəhərində kafe və restoranların yay terraslarında siqaret çəkmək qadağan ediləcək

Budapeşt, 16 sentyabr, AZƏRTAC

Avropanın bir sıra şəhərlərinin bələdiyyə orqanları ictimai yerlərdə siqaret çəkməklə bağlı qaydaların sərtləşdiriləcəyini elan ediblər. Belə ki, 2027-ci il yanvarın 1-dən etibarən kafe, bar və restoranların açıq terraslarında siqaret çəkmək və elektron siqaretlərdən istifadə tamamilə qadağan olunacaq.

AZƏRTAC Macarıstanın “M1” telekanalına istinadla xəbər verir ki, məhdudiyyətlər indiyədək bəzi ictimai iaşə obyektlərində, hava limanlarında, siqar klublarında və qəlyanxanalarda fəaliyyət göstərən xüsusi siqaretçəkmə otaqlarına da şamil ediləcək. Qadağa bütün növ tütün məmulatlarını, elektron siqaretləri, veypləri və qəlyanları əhatə edəcək.

Yeni qaydaların qüvvəyə minmə tarixi çərşənbə axşamı səhər elan olunub. Bu tədbir Avropa Komissiyasının tövsiyələri əsasında hazırlanmış təşəbbüslər paketinə daxil edilib. İctimai iaşə müəssisələrinə dəyişikliklərə hazırlaşmaq üçün təxminən bir il yarım vaxt veriləcək.

2027-ci ilin yanvarından etibarən siqaret çəkmək həm də restoran, bar və kafelərin ətrafında 10 metrlik məsafədə də qadağan olunacaq. Qadağadan sonra müştərilərə külqabı təqdim edən müəssisə sahibləri cəzalandırılacaq. Qaydaları pozan müştərilər də məsuliyyət daşıyacaqlar.

Bundan əlavə, sənəddə yerli hakimiyyət orqanlarının kütləvi tədbirlər zamanı, yəni, festivallar, yarmarkalar və bazarlarda siqaretçəkmənin məhdudlaşdırılması üçün əlavə tədbirlər hazırlaması nəzərdə tutulub.

Restoran sahiblərinin assosiasiyaları isə narahatlıq ifadə edərək bildiriblər ki, yeni məhdudiyyətlər növbəti müflisləşmə dalğasına səbəb ola bilər. Onların sözlərinə görə, bu qadağa siqaret çəkənlərin sayını azaltmayacaq, sadəcə, onları küçələrə çıxmağa məcbur edəcək, bu isə sakinlər üçün narahatlıq yaradacaq və şəxsi heyət tərəfindən onlara nəzarət etmək imkanlarını çətinləşdirəcək.

Avropa Komissiyası əvvəlcə qadağanı 2026-cı ildə tətbiq etməyi təklif etsə də, bu sahədə daha çox hazırlıq işlərinə vaxt verilməsi üçün müddət uzadılıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Chosen
29
2
azertag.az

3Sources