Deputat: "ixtisası üzrə iş tapa bilməyən gənclər kifayət qədər çoxdur"
"Bizim cəmiyyətdə təəssüf ki, xoş olmayan bir tendensiya var: valideynlərin əksəriyyəti yalnız övladının ali təhsil almasını düşünür. Çox vaxt uşağın maraqları, potensialı və hansı sahəyə meyilli olduğu nəzərə alınmır. Halbuki hər kəs ali təhsil almaq məcburiyyətində deyil. Azərbaycanda peşə təhsili və müxtəlif sənət sahələri kifayət qədər geniş imkanlar təqdim edir".
Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.
O bildirib ki, valideynlər övladını universitetə qəbul etdirmək üçün qeyri-qanuni yollar axtarır:
"Əvvəllər Azərbaycanda da belə neqativ hallar olurdu, indi isə bəzi valideynlər övladlarını xaricdə, tanınmayan universitetlərə qəbul etdirirlər. Onlar illərlə pul xərcləyərək yalnız diplom əldə etməyi əsas məqsəd sayırlar. Bu isə kökündən yanlışdır.
Əsas məsələ övladın maraqlarını düzgün müəyyənləşdirmək, onu istədiyi və bacardığı sahəyə yönləndirməkdir. Mütləq ali təhsilli olmaq vacib deyil. Bu gün ali təhsili olmadan müxtəlif sənət sahələrində uğurlu həyat quran insanlar var. Digər tərəfdən, diplomu olub öz ixtisası üzrə iş tapa bilməyən gənclər də kifayət qədər çoxdur. Belə hallarda valideynlərin yanlış yanaşması səbəbindən övladlar həyatda öz yerlərini tapa bilmir və çıxılmaz vəziyyətə düşür".
Deputat deyib ki, bəzi dələduzlar bu istəyindən sui-istifadə edərək valideynləri aldadır:
"Onlar Gürcüstan, Ukrayna və digər ölkələrdə tanınmayan universitetlərin reklamını edirlər. Təəssüf ki, bir çox vətəndaşımız bu tələyə düşür və diplomlarının Azərbaycanda tanınmadığını sonradan öyrənirlər.
Onun sözlərinə görə, valideyn övladını peşə sahəsinə yönləndirilsə, həyatını daha yaxşı qura bilər:
"Böyük şairimiz Nizami Gəncəvinin dediyi kimi: “Yaxşı palançı olmaq, yarımçıq alim olmaqdan yaxşıdır.”
Bu baxımdan, diplom naminə övladları tanınmayan universitetlərdə oxutmaq, dələduzların qurbanına çevrilmək kimi halların qarşısı alınmalıdır. Dövlət tərəfindən müəyyən addımlar atılıb, lakin maarifləndirmə də vacibdir ki, valideynlər bu yanlışlıqlara yol verməsin və övladlarının gələcəyini təhlükəyə atmasınlar".
Əfsanə Kamal
Demokrat.az