EN

İspaniya nəşri Qurban Qurbanovdan yazdı: Haqsızlıq olan vaxtı...

İspaniyanın EFE informasiya agentliyi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla bağlı yazı hazırlayıb.

Ölkə.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə Qurbanovun bu mövsüm UEFA Çempionlar Liqasının əsas mərhələsində çıxış edən klubların məşqçiləri arasında bir komandaya ən uzun müddət başçılıq edən mütəxəssis olduğu vurğulanıb. 2008-ci ildən “Qarabağ”ın sükanı arxasında olan mütəxəssislə bu göstərici üzrə yalnız İspaniyanın “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeonenin müqayisə oluna biləcəyi qeyd edilib. Argentinalı mütəxəssis 2011-ci ildə Madrid klubuna baş məşqçi təyin olunub.

Yazıda, həmçinin Qurban Qurbanovun 34 yaşında futbolçu karyerasını başa vurmasından, əvvəl “Neftçi”yə, sonra isə “Qarabağ”a başçılıq etməsindən, Avropanın tanınmış klublarında təcrübə keçməsindən bəhs olunur. Eləcə də Ağdam klubunun onun rəhbərliyi altında ardıcıl 12 ildir avrokubokların, ikinci dəfə isə Çempionlar Liqasının qrup mərhələsində mübarizə apardığı diqqətə çatdırılıb. Komandanın 2017-2018-ci illər mövsümündə Çempionlar Liqasının qrup mərhələsində “Atletiko” ilə keçirdiyi uğurlu oyunlara (0:0, 1:1) toxunulub.

Məqalədə Qurbanovun əksər hallarda, hətta komandasına qarşı haqsızlıq olduğu vaxtlarda belə, hakimlərin işini tənqid etmədiyi, nümunəvi davranışına görə “Fair Play” mükafatı alması da xüsusi vurğulanıb.

Qeyd edək ki, “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində Portuqaliyada “Benfika”nın qonağı olacaq. “Da Luş” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Chosen
14
8
olke.az

9Sources