EN

İsrail Qətəri, Rusiya Polşanı hədəflədi - neftimizi nə gözləyir?


Vüqar Bayramov: “Yaxın müddət ərzində neftin qiyməti daha da artacaq”

Son günlər dünya siyasətində baş verən gərginliklər neft bazarına da təsirsiz ötüşmür. İsrailin Qətərin paytaxtı Dohaya hücumu, Rusiyanın Polşa hava məkanına müdaxiləsi və sair kimi hadisələr enerji bazarında qeyri-müəyyənliyi artırıb. Ekspertlər hesab edir ki, məlum gərginliklər neftin qiymətində dalğalanmalara səbəb ola bilər.

Onu da bildirək ki, ABŞ Enerji İnformasiya İdarəsi (EİA) qlobal enerji bazarındakı tendensiyaları nəzərə alaraq 2025-ci ilin sonuna qədər neft qiymətlərində ciddi ucuzlaşma proqnozlaşdırıb. Maraqlıdır, dünyada baş verən proseslər Azərbaycan iqtisadiyyatı üçün hansı nəticələr doğura bilər? Vəziyyət necə olacaq? Azərbaycan neftini nələr gözləyir?

“Biz neftin qiymətində dalğalanmalar müşahidə edirik, bəzi hallarda neftin qiymətində artma, bəzən isə qiymətdə…”

Millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, neftin dünya bazarında qiymətinə siyasi proseslər təsir göstərir. Qlobal neft bazarındakı təpki də neftin qiymətinə təsir edir: “Nəzərə almaq lazımdır ki, hazırda brent markalı neftin qiyməti 68 dollara yaxındır. Ancaq bununla belə, biz neftin qiymətində dalğalanmalar müşahidə edirik. Bəzi hallarda neftin qiymətində azalma, bəzən isə qiymətdə artım baş verə bilər. Ümumiyyətlə, qiymətdə qeydə alınan azalma həm siyasi, həm də Amerikanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların genişləndirməsi ilə bağlıdır. Siyasi səbəblər neftin qiymətində artıma səbəb olur. Rusiyaya qarşı sanksiyaların güclənməsi isə həmin ölkənin gəlirlərini azaltsa da, neft bazarında təklifin azalmasına və qiymətin artmasına səbəb ola bilər. Ancaq qlobal bazarda təklif yüksəkdir. Tələbin yüksək olmaması neftin qiymətinin aşağı düşməsinə və ya kəskin artmamasına səbəb olur”.

Millət vəkili hesab edir ki, neft bazarındakı mövcud dalğalanmalar xarekterizə olunsa, konfliktlər nəzərə alınmalıdır: “Yaxın Şərqdə baş verənlər, Rusiya-Ukrayna müharibəsinin genişlənəcəyi və Rusiyaya qarşı sanksiyaların daha da artacağı ilə bağlı çağırışlar neftin dünya bazarında qiymətinin artmasına səbəb olur. Bu halın davam edəcəyi istisna deyil. Təklif kifayət qədərdir, tələbin isə qlobal iqtisadi yavaşlama fonunda sürətlə artacağı gözlənilmir”.

Günel CƏLİLOVA

Chosen
33
baki-xeber.com

1Sources