Evi var, ancaq kirayədə yaşamağa məcburdur. Çünki evini zəbt etmiş keçmiş məcburi köçkün ailəsinə dövlət tərəfindən mənzil verilsə də, oranı tərk etmək istəmir.
Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxt sakini Vüqar Şıxıyevin başına gəlib.
O iddia edir ki, sözügedən ailə onlara Bakıdan mənzil verilmədiyi halda evdən çıxmayacağını bildirir.
Vüqar Şıxıyevin iddiasına görə, Qaradağın Lökbatan qəsəbəsində yerləşən evinə ilk dəfə 1993-cü ildə məcburi köçkünlər girib. Həmin vaxt valideynləri rayonda olduğu üçün mənzil boş imiş. 3 il sonra isə həmin şəxslər evi indi orada qalan ailəyə verib.
Şikayətçi deyir ki, əlində onun xeyrinə olan məhkəmə qətnaməsi də var.
Vüqar Şıxıyev deyir ki, həmin mənzilə gedib qapını döyəndə də açan olmur.
Elə biz də həmin mənzilin ev telefomnuna zəng etdik, ancaq zəngə cavab verən olmadı.
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən "Xəzər Xəbər"ə bildirildi ki, Cəbrayıldan keçmiş məcburi köçkün Südabə Abbasquliyeva 6 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə Vüqar Şıxıyevə məxsus mənzildə müvəqqəti məskunlaşıb. Keçmiş məcburi köçkünün başqa vətəndaşa məxsus mənzili boşaltması haqqında məhkəmə qətnaməsi Komitəyə təqdim edilib. Qətnamənin icrası ilə əlaqədar, bu il iyunun 17-də Südabə Abbasquliyevaya ailə tərkibinə uyğun olaraq, Dövlət Komitəsinin Biləsuvarda yerləşən qəsəbədə boş mənzil fondundan fərdi yaşayış evi təklif edilib. Lakin ailə həmin mənzilə köçməkdən imtina edib. Bu səbəbdən Vüqar Şıxıyevin məhkəmə qərarının icrası ilə bağlı aidiyyəti quruma müraciət etməsi qanunauyğundur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.