EN

Gürcüstan hakimiyyəti 4 oktyabr çevrilişinə qarşı kütləvi həbslərə başladı...


Gürcüstan hakimiyyəti opponentlərinin oktyabrın 4-də bələdiyyə seçkiləri gününə planlaşdırdıqları dövlət çevrilişi cəhdinin qarşısını almağa hazırlaşır. Bu məqsədlə onlar xüsusi təyinatlıları hazırlayır, radikal müxalifət liderlərini saxlayırlar. Hakimiyyət uğrunda mübarizənin qanuni üsullarından əl çəkməyənlərə qarşı kompromatlar müharibəsi elan edilib.

Gürcüstan Daxili İşlər Nazirliyi müxalifətdə olan Dəyişikliklər Koalisiyasının liderlərindən biri Elena Xoştariyaya qarşı cinayət işi açıldığını bildirib. Bundan əvvəl o, sosial şəbəkədə hakim “Gürcü Arzusu”nun seçki pankartını ləkələdiyini göstərən video yerləşdirib. Məhkəmə Xoştariyanı buna görə həbs edib, lakin sonra onu 2000 lari girov müqabilində azadlığa buraxıb. Lakin bu, hakim partiya üçün kifayət etməyib. “Gürcü Arzusu” bu işə qayıtmaq tələbi ilə Daxili İşlər Nazirliyinə müraciət edib. Daxili İşlər Nazirliyi bildirib: “Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. Ekspertiza əsasında dəymiş ziyanın dəqiq məbləği müəyyən olunacaq, bundan sonra müvafiq hüquqi cavab veriləcək”. Gürcüstanın baş naziri İrakli Kobaxidze Xoştariyanın saxlanılması ilə bağlı açıqlama verib və onu sərt ittihamlarla tənqid edib. Baş nazir bildirib ki, qanunvericiliyə görə, 150 laridən artıq zərər vurulduqda prokurorluq cinayət işi açmağa məcburdur: “Ziyan 150 laridən çoxdur. Cinayət Məcəlləsi beş ilə qədər həbs nəzərdə tutur. Bu, 6 ay da ola bilər, hətta ümumiyyətlə həbs də tətbiq olunmaya bilər”. Kobaxidze Xoştariyanı həm də Rusiyadan maliyyə dəstəyi almaqda günahlandırıb: “Bu adam radikal, guya antirusdur. Amma əslində, hər ay Rusiyanın dövlət büdcəsindən milyonlarla rubl alır. Cəmiyyət çox yaxşı görür, kim kimdir”. Bu arada yenidən Tiflis meri seçilməyə ümid edən Kaxa Kaladzenin seçki qərargahında etirazlar davam edir. Xüsusilə, sentyabrın 8-i axşam onlar hazırkı hakimiyyətin tərəfdarları ilə əleyhdarları arasında dava ilə nəticələnib. Buna baxmayaraq, hakimiyyət rəqiblərinə təzyiqləri artırır. Belə ki, sentyabrın 13-də Vahid Milli Hərəkatın (BMH) siyasi şurasının üzvlərindən biri Levan Xabeişvili həbs edilib. Səbəb onun dövlət çevrilişinə çağırışları və oktyabrın 4-də hökumət əleyhinə nümayişləri dağıtmaqdan imtina edən polislərə 200 min dollar verəcəyi vədi olub. Buna görə onu 4 ildən 7 ilə qədər həbs gözləyir. Kaladzenin sözlərinə görə, hakimiyyət dayanmaq niyyətində deyil: “Devirmək, inqilab etmək, yandırmaq və asmaq təbii ki, qanunla cəzalandırılır. Kimsə belə faktlara cavab verilməyəcəyini düşünürsə, çox yanılır. Bizdə çoxlu müxtəlif məlumatlar var, konkret sübut və faktlar var. Gəlin bütün bunları gözləyək. Bu cinayətlərdən heç biri cavabsız qalmayacaq”. Gürcüstanın baş naziri İrakli Kobaxidze Levan Xabeişviliyə qarşı irəli sürülən ittihamlarla bağlı qeyd edib: “Gürcüstanda "dövlət çevrilişinin" sülh yolu ilə və ya qeyri-sülh yolu ilə baş verməsi kimi anlayış yoxdur. Dövlət çevrilişi anlayışı sülh yolu ilə və ya qeyri-sülh yolu ilə deyil. Hazırda iki istiqamət üzrə cinayət işi açılıb – həm çevrilişə cəhd, həm də rüşvət vədi ilə bağlı. Qalanı, təbii ki, məhkəmənin işidir”. Baş nazir Xabeişvili ilə bağlı bəzi detalları da açıqlayıb: “Mən çox yaxşı bilirəm ki, Xabeişviliyə “Anita” ləqəbini kim verib və kim ona əvvəl 3 min, sonra isə 5 min lari ödəyib”. Kobaxidze əlavə edib ki, gələcəkdə də siyasi motivli cinayətlərə qarşı qanun daha sərt tətbiq olunacaq: “Korrupsiya, narkotik, təşkilatlanmış cinayətkarlığa qarşı necə sərt addımlar atmışıqsa, siyasi motivli cinayətlərdə də eyni olacaq. Bu, narkomanlara, təşkilatlanmış cinayətkarlara sərf etmir, amma cəmiyyət üçün vacibdir”. Eyni zamanda, daha altı müxalifət lideri dəmir barmaqlıqlar arxasındadır: Giorgi Vaşadze, Nika Qvaramiya, İrakli Okruaşvili, Zurab Caparidze, Nika Melia və Givi Tarqamadze. Onların hamısı Dəyişikliklər Koalisiyası və ya onunla əlaqəli siyasi qüvvələri təmsil edir. Ölkə hakiiyyəti bildirir: “Elan edilən mitinqlərə gəlincə, yəqin ki, son silsilələrdə Avropa İttifaqının səfirlərini görəcəyik... Onlar bu quruma rəhbərlik edənlərdir. Gürcüstanda radikal qrupların səfirlər şəklində himayədarları var. Müvafiq vəsaitlər, göstərişlər kənardan gəlir və bu konkret səfirlər birbaşa olaraq insanlar arasında nifrətin, şərrin, qarşıdurmanın qızışdırılmasında iştirak edirlər”.

Eyni zamanda Gürcüstan hökuməti Tiflis yaxınlığında təhlükəsizlik qüvvələrinin genişmiqyaslı təlimlərini təşkil edib. “Pirveli” telekanalının verdiyi məlumata görə, seçkilərə üç həftə qalmış hakimiyyət paytaxtdan və yaxınlıqdakı şəhərlərdən xüsusi təyinatlılar toplayıb ki, onlar mitinqləri dağıtmaq üçün yazda alınmış yeni texnikanı sınaqdan keçirsinlər. Üsyana çağırış etməyən, hətta seçkilərdə iştirak etməyə razı olanlara fərqli yanaşma var. Eyni zamanda, Gürcüstan hakimiyyəti gözlənilmədən ATƏT/DTİHB nümayəndələrinin seçkiləri müşahidə etməsinə icazə verib. Ancaq bir aydan az vaxta hazırlaşa bilmədiklərini əsas gətirərək qurumda bundan imtina ediblər. Maraqlıdır ki, iyun ayında Gürcüstanın baş naziri İrakli Kobaxidze bu təşkilatı dəvət etmək niyyətində olmadığından deyib. Bununla belə, politoloq Nika Çitadzenin fikrincə, “Gürcüstan üçün Qaxariya” və “Lelo” merliyə namizədlərini seçə bilməyəcək, hətta yerli parlamentlərdə ciddi təmsil oluna bilməyəcək: “Müxalifətin əksəriyyəti səsvermədə iştirak etmək istəmir və onun legitimliyini ümumiyyətlə tanımır. Ən yaxşı halda, bu iki partiya öz üzvlərini qərarların qəbulu prosesinə təsir etməyəcək bir neçə bələdiyyə deputatı edə biləcək”. Eyni zamanda o qeyd edib ki, “Gürcü arzusu”nun əleyhdarlarının başqa bir hissəsinin hazırlaşdığı etiraz aksiyaları o zaman uğurlu ola bilər ki, insanlara müxalifətin niyə hakimiyyətdən üstün olması izah edilsin: “Belə işlər görülür, amma təbliğatçıların indiki hakimiyyətdən daha yaxşı nə edəcəkləri ilə bağlı konkret nümunələr çatışmır. Bundan başqa, oktyabrın 4-də insanlar mitinqə çağırılır, amma orada konkret nə olacağı onlara deyilmir. Hələlik ənənəvi olaraq “toplan, dağılışma” çağırışlarını eşidirik”.

Samirə SƏFƏROVA

Chosen
20
baki-xeber.com

1Sources