EN

Antiterror əməliyyatı olmasaydı, 44 günlük müharibə yarımçıq qalardı...


Faiq Ələkbərli: “Bu tədbir gerçəkləşdirilməsəydi, ərazi bütövlüyümüzü tam şəkildə bərpa edə bilməzdik”

Qarşıdan 2023-cü ilin 19-20 sentyabrında cəmi 23 saat 48 dəqiqə çəkən lokal antiterror tədbirlərinin iki illiyi gəlir.

Bu əməliyyatın tariximizdə yeri və rolu nə oldu?

“Lokal antiterror tədbirləri həm Qarabağ probleminin kökündən həll olunması, həm də konstitusiya və suverenlik hüququmuzun tam bərpası demək idi”

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, siyasi ekspert Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, 44 günlük Vətən müharibəsi və onun davamı olan lokal antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tamamilə bərpa olundu. “İki il əvvəl baş verən lokal antiterror tədbirlərinin həyata keçirilməsi zəruri idi və bu tədbir gerçəkləşdirilməsəydi ərazi bütövlüyümüzü tam şəkildə bərpa edə bilməzdik.

İkinci Qarabağ müharibəsində Azərbaycan problemlərini əsasən həll etsə də, amma bu iş yarımçıq qalmışdı. Lokal antiterror tədbirləri isə həm Qarabağ probleminin kökündən həll olunması, həm də konstitusiya və suverenlik hüququmuzun tam bərpası demək idi. Yəni bu fakt Azərbaycanın yeni bir mərhələyə qədəm qoyması üçün çox böyük önəm daşıdı”.

F.Ələkbərlinin fikrincə, iki il əvvəl baş verən lokal antiterror tədbirlərinin əhəmiyyəti həm də bir neçə istiqamətdə özünü göstərir. Siyasi ekspert bildirdi ki, burda ən önəmli faktlardan biri Qarabağdan və digər 7 rayonumuzdan erməni separatçılarının təmizlənməsi oldu. “Bu tədbirlər nəticəsində həm Qarabağda separatizmin kökünü kəsdik, eyni zamanda da “sülhməramlı missiyası” adı altında Azərbaycan ərazilərinə yerləşən Rusiya hərbiçilərini ölkədən çıxardıq. Hər ikisi də olduqca önəmli faktlardır. Azərbaycan ərazisində yalnız Azərbaycan əsgəri və Azərbaycan polisi xidmət etməlidir, bu başqa cür ola da bilməzdi.

Sirr deyil ki, Rusiya “sülhməramlı missiyası” adı altında burda möhkəmlənmək istəyirdi və Azərbaycana qarşı müxtəlif təxribatlar törədirdi”. F.Ələkbərli qeyd etdi ki, antiterror tədbirləri nəticəsində Azərbaycan 1991-ci ildə Almatı sənədi ilə də təsdiqlənən 86, 6 kvadrat kilometrlik ərazisini tamamilə bərpa etdi. Eyni zamanda da Rusiyanın təsirinin ölkəmiz üzərindən atıldığını deyən F.Ələkbərli qeyd etdi ki, 23 saatlıq antiterror tədbirləri yalnız konstitusiya və suverenlik hüququmuzun bərpası deyil, eyni zamanda Rusiyanın Azərbaycan üzərində on illərlə davam edən təsirini də bitirdi. “Bu hadisə ilə Azərbaycan həm bölgədə, həm də dünyada yeni bir mərhələyə qədəm qoydu. Azərbaycan güclü bir dövlət olduğunu dünyaya göstərdi. Bu faktlar Azərbaycanın Türk Dövlətləri Təşkilatında, eləcə də digər beynəlxalq qurumlarda mövqeyini daha da gücləndirdi. 44 günlük Vətən müharibəsindən sonra antiterror tədbirlərinin həyata keçirilməsi faktı dövlətimizin dünyada və bölgədə gücünü daha da artırdı”-deyə F.Ələkbərli qeyd etdi.

İradə SARIYEVA

Chosen
17
baki-xeber.com

1Sources