EN

Baş nazir Azərbaycanla bağlı böyük həqiqəti etiraf etdi...


Məhəmməd Əsədullazadə: “Ermənistan ölkəmizin ərazi bütövlüyünü tanımağa məhkumdur”

Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb. Bunu bu ölkənin Baş naziri Nikol Paşinyan "Kompleks təhlükəsizlik və dayanıqlılıq 2025" beynəlxalq konfransında bildirib.

“Mən Azərbaycanın ərazi bütövlüyünü (2022-ci ilin oktyabrında) Ermənistanın ərazi bütövlüyünü tanımaq üçün tanıdım. Başqa yol sadəcə yox idi”, - o qeyd edib. Baş nazirin sözlərinə görə, Ermənistanın təhlükəsizliyinin legitimliyi avqustun 8-i Vaşinqtonda paraflanmış sülh sazişi sayəsində daha da möhkəmlənib: “Ermənistan heç vaxt indiki qədər təhlükəsiz olmayıb. Yazda deyirdim ki, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq, indi bəyan etmək istəyirəm ki, bundan sonra Ermənistanla Azərbaycan arasında sülh var”.

Həqiqətən də Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı yox idi. Əks təqdirdə bu, Ermənistan üçün daha pis nəticələnə bilərdi.

“Sülh sazişinin bəndləri paraflanırsa, Zəngəzur dəhlizinin açılması razılaşdırılırsa, o zaman...”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Paşinyan dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib: “Bəli, 8 avqust Vaşinqton görüşündən sonra Azərbaycanla Ermənistan arasında elə bir mərhələ başlayıb. Bu, sülh yoludur və Ermənistan tərəfinin də başqa çıxış yolu yoxdur. O mənada ki, Azərbaycanın ərazi bütövlüyünü tanımağa məhkumdur. Son vaxtlar Paşinyan işğal altında olan və anklav vəziyyətdə olan 4 kəndin də Azərbaycana qaytarılacağına eyham vurur. Yəni proses bundan ibarətdir. Sabah Ermənistan tərəfi deyə bilməz ki, Azərbaycanın ərazi bütövlüyünü tanımırıq. İndidən sözügedən məsələni sual altına ala bilməz. Çünki Artıq Ermənistan da Praqa görüşü, Alma-Ata bəyannamələrində vurğulayır ki, biz Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. İndi Ermənistan tərəfi çalışmalıdır ki, daxildə sabitliyi gücləndirsin. Qarabağdan Ermənistana gedən separatçıları cilovlasın, onların ölkə daxilində Azərbaycana qarşı pozuculuq fəaliyyətlərinə imkan verməsin. Həmçinin Ermənistan parlamentindən separatçıların əski parçası yığışdırılsın. Onların fəaliyyəti tamamilə qadağan olunmalıdır. İmkan verməsinlər ki, Rusiya Qarabağ separatçılarından öz məqsədləri üçün istifadə etsin. Bütün bunlar Ermənistanın sülhə nə qədər sadiq olduğunu göstərən əsas faktordur. Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanıyır və bu, dövlətlərarası münasibətlərdə müsbət tendensiyadır. Düşünürəm ki, artıq iki ölkə arasında müharibə ehtimalı da yoxdur. Çünki sülh sazişinin bəndləri paraflanırsa, Zəngəzur dəhlizinin açılması razılaşdırılırsa, o zaman hansısa eskalasiyadan, müharibədən söhbət gedə bilməz”.

Vidadi ORDAHALLI

Chosen
22
baki-xeber.com

1Sources