EN

Avro 2 manata yaxınlaşdı - Milli valyutanı nə gözləyir?

Son aylarda avronun Azərbaycan manatına qarşı məzənnəsində müşahidə olunan artım diqqət çəkir. Əgər ilin əvvəlində 1 avro 1,75 manata bərabər idisə, hazırda bu göstərici 2 manata yaxınlaşıb.

Beləliklə, cəmi bir neçə ay ərzində avronun dəyərində təxminən 14 faiz artım qeydə alınıb ki, bu da son 4 ildə ilk dəfədir baş verir. Azərbaycan Mərkəzi Bankından Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bu prosesin milli iqtisadiyyata əhəmiyyətli təsiri gözlənilmir və makroiqtisadi sabitliyi qorumaq üçün bütün zəruri alətlər mövcuddur.

İqtisadçı Eldəniz Əmirov Metbuat.Az-a açıqlamasında bildirib ki, avronun məzənnəsinin kəskin düşməsinin manat qarşısında, yaxud da kəskin bahalaşmasının Azərbaycan iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsiri yoxdur:

“Burada iki istiqamət var. Birinci istiqamət odur ki, Azərbaycanın istər ticarət etdiyi ölkələrdə, istərsə də ayrı-ayrı subyektlər arasında olan iqtisadi münasibətlərdə daha çox dollardan istifadə edilir. Digər əsas faktor isə Azərbaycan manatının məzənnəsinin dollara nəzərən tənzimlənməsidir. Yəni avronun bizim manat qarşısında güclənməsinin səbəbi dolların avro qarşısında ucuzlaşmasıdır. Azərbaycan manatı 1,7 məzənnəsi ilə ABŞ dollarına fiksasiya olunub. Yəni manatın dəyəri birbaşa dollara bağlıdır. Bu səbəbdən, dollar avro qarşısında ucuzlaşanda Azərbaycan manatı da avroya nisbətdə ucuzlaşır. Əksinə, dollar avro qarşısında bahalaşanda, manat da avroya qarşı bahalaşır”.

Eldəniz Əmirov qeyd edib ki, əgər bir valyutanın bahalaşması ölkə iqtisadiyyatına zərərdirsə, o zaman eyni kontekstdə avronun dollar qarşısında ucuzlaşması da baş verir. Əgər dolların bahalaşmasını zərər hesab ediriksə, o zaman yenə də bu məsələ dollara bağlıdır:

“Dollara bağlı olması müəyyən subyektlər üzrə müsbət nəticə verdiyi halda, digər subyektlər üzrə mənfi təsir yaradır. Hansı subyektlər üzrə mənfi təsir yarandığı anda isə digərləri üçün müsbət təsir yaranır. Bütün hallarda bu gün hər hansısa milli valyuta üzərində ciddi, əhəmiyyətli dərəcədə təsirdən danışmaq mümkün deyil. Çünki ölkə üçün əhəmiyyətli milli valyuta dollardır. Bu isə Mərkəzi Bank tərəfindən makroiqtisadi tarazlığın qorunub saxlanması üçün məzənnə stabilliyinin bu il də təmin olunması ilə bağlıdır”.

 

Gülbəniz Hüseynli

Chosen
0
1
hurriyyet.az

2Sources