EN

Qərbi Azərbaycana qayıdış: hüquqi siyasi imkanlar mövzusunda dəyirmi masa keçirilib

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Sentyabrın 12-də Media İnkişaf Mərkəzi İctimai Birliyinin (MİM İB) təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: hüquqi-siyasi imkanlar" mövzusunda dəyirmi masa keçirilib.

Tədbir Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi MİM İB-nin icra etdiyi “Qərbi Azərbaycan: mədəni, hüquqi, siyasi bağlar” adlı layihə çərçivəsində keçirilib. 

Təşkilatın sədri Qabil Rüstəmov tədbirə gələn qonaqları, ekspertləri və jurnalistləri salamlayaraq, bildirib ki, Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinin gündəmə gətirdiyi mühüm istiqamətlərindən biri də Qərbi Azərbaycan məsələsidir. Soydaşlarımız indiki Ermənistan ərazisində əsrlərdir yaşadıqları yurdlarından təkcə ötən əsrdə etnik təmizləmə nəticəsində dəfələrlə zorakılıqla qovulublar. Sonuncu - 1988-ci ildə başlayan deportasiya nəticəsində yüz minlərlə insan qaçqın kimi Azərbaycana gəlməyə məcbur qalıb. Münaqişənin həll mərhələsində olması o insanlara öz yurdlarına qayıtmaq üçün müəyyən hüquqi imkanlar yaradır. "Tədbirimizdə bu imkanların nə qədər real olduğunu müzakirə edəcək, prosesin hüquqi və siyasi aspektlərini araşdıracağıq" - təşkilat sədri bildirib.

Tədbirə ekspert kimi dəvət olunmuş Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi analitik Aqşin Kərimov çıxışında bildirib ki, hazırkı siyasi reallıq ondan ibarətdir ki, Azərbaycan fiziki olaraq Ermənistan ərazisində olmasa da, siyasi faktor olaraq Ermənistandakı siyasi proseslərdə nəzərə alınır və öz strateji maraqlarını həyata keçirmək, regional əməkdaşlıq imkanlarını artırmaq üçün çalışır. "Bir müddət əvvələdək Qafqazın hansısa dövləti böyük güclərin əlində Azərbaycana qarşı təzyiq aləti kimi istifadə olunurdusa, indi Azərbaycan həmin dövlətin siyasətinə təsir edərək, öz rəqiblərinə münasibətdə ondan yararlanır. Təəssüf ki, hazırda dünyada hüquq yeganə prioritet deyil, siyasi güclər geopolitik maraqlarını gerçəkləşdirmək üçün hüququn tələblərini nəinki nəzərə almırlar, hətta onu kobud şəkildə tapdayırlar. Ancaq Azərbaycan həmişə bildirib ki, bölgə dövlətləri ilə də, dünya gücləri ilə də münasibətdə beynəlxalq hüququn tələbələrini pozmamağa, əksinə, onun yerinə yetirilməsinə nail olmağa çalışır " - ekspert qeyd edib.

A. Kərimov bildirib ki, son 5 ildə regionda, hətta dünyada geopolitik layların yerindən oynaması və yeni siyasi reallıqların yaranması müşahidə olunur: "Deyərdim ki, bu prosesin başlanmasına 44 günlük Vətən müharibəsinin nəticələri də təsir göstərib".

Tədbirdə çıxış edən tanınmış jurnalist və QHT rəhbəri Asəf Quliyev Ermənistan ictimai rəyi Qərbi Azərbaycana qayıdış məsələsinə qətiyyən hazır deyil və bu, illərdir ictimai şüuru zəhərləyən Koçaryan kimilərinin "zəhmətinin" nəticəsidir: "Ancaq müəyyən cücərtilər var ki, onlarla bizim vətəndaş cəmiyyəti işləməlidir. Məsələn, tədbirlərin birində mənə bir erməni jurnalistin yazdığı kitabı verdilər. Kitab Ermənistan ərazisində mövcud olan Azərbaycan, türk maddi mədəniyyət nümunələrinin tədqiqinə həsr olunmuşdu. Bu cür nadir halları diqqətə almalıyıq ". Dəyirmi masada iştirak edən digər şəxslər də mövzu ilə bağlı fikirlərini bölüşüblər.

​​​​​​"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
27
cebheinfo.az

1Sources