EN

Qələbənin zamanı -44 gün, 23 saat 43 dəqiqə

Qədim və zəngin tarixi olan Azərbaycan, əsrlər boyu bəşər sivilizasiyasına böyük töhfələr vermiş, unikal mədəniyyət, mənəvi irs və təbii sərvətlərlə zənginləşmişdir. Əsrarəngiz təbiəti, əlverişli coğrafi mövqeyi və strateji əhəmiyyəti sayəsində tarix boyu daim diqqət mərkəzində olmuş, müxtəlif dövrlərdə yadelli işğalçıların hücumlarına məruz qalmışdır. Lakin xalqımız heç zaman əyilməmiş, öz torpaqlarını, kimliyini, dilini və milli dəyərlərini qorumaq üçün mübarizə aparmışdır.

XX əsrin sonlarında dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan, təəssüf ki, bu dövrə də torpaq itkisi və ağır sınaqlarla başlamışdı. Qarabağın və ətraf rayonların Ermənistan tərəfindən işğalı, minlərlə insanın doğma yurdlarından didərgin düşməsi, şəhər və kəndlərimizin dağıdılması xalqımızın yaddaşında dərin iz salmışdı. Lakin bu ədalətsiz vəziyyətlə barışmayan Azərbaycan dövləti və xalqı, uzun illər diplomatik səylərlə yanaşı, güclü ordu və siyasi iradə formalaşdıraraq tarixi Qələbəyə hazırlaşırdı. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan şanlı Qələbə xalqımızın onilliklər boyu çəkdiyi ağrı-acılara və itkilərə son qoydu. Bu Qələbə yalnız işğal altındakı torpaqlarımızın azad edilməsi deyil, həm də xalqımızın qürurunun, dövlətimizin gücünün və milli birliyimizin təntənəsi oldu.

Qarabağda qalmış erməni silahlı dəstələrinin 2020-ci ilin 10 noyabr Bəyanatından sonra da fəaliyyətini davam etdirməsi dövlətimizin gərginliyi azaltmaq, danışıqlar yolu ilə məsələni həll etmək və reinteqrasiya prosesini təmin etmək kimi humanist yanaşmasını ön planda saxlamasına baxmayaraq, düşmənin bu çağırışlara cavab verməməsi hadisələrin daha da kəskinləşməsinə səbəb oldu. Rejimin əlindəki silah-sursatın gizli yollarla artırılması, minaların yerləşdirilməsi və təxribatların təşkil olunması yalnız gərginliyin artmasına deyil, həm də regionda sabitliyin pozulmasına yönəlmiş addımlar idi. Bu vəziyyət Azərbaycan dövlətini susmaqla kifayətlənməməyə, milli suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün daha qətiyyətli və məqsədyönlü addımlar atmağa vadar etdi. Belə ki, 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatları bu düşmənçilik fəaliyyətlərini və  qanunsuzluqlarını faktiki olaraq sona çatdırdı. Qısa, lakin məqsədyönlü bu əməliyyatla Azərbaycan yalnız hərbi uğurla kifayətlənmədi, həm də beynəlxalq hüquq çərçivəsində öz haqqını qorudu, Konstitusiya quruluşunun tam bərpasını reallaşdırdı və dövlətin suverenliyini bütün ərazilərdə təmin etdi. İkinci Qarabağ müharibəsindən dərhal sonra Azərbaycan dəfələrlə Ermənistan rəhbərliyinə və beynəlxalq ictimaiyyətə müraciət edərək, ölkəmizin suveren ərazisində Ermənistan silahlı birləşmələrinin qalmasının hüquqa zidd olduğunu bəyan etmişdi. Rəsmi Bakı bu məsələ ilə bağlı dəfələrlə xəbərdarlıq etsə də, Ermənistan rəhbərliyi bu çağırışları nəzərə almadı.

Müharibədən sonra Azərbaycan sülh müqaviləsinin imzalanması istiqamətində ardıcıl və konstruktiv təşəbbüslərlə çıxış etsə də, Ermənistan tərəfi bu prosesi ləngidir, danışıqlardan yayınırdı. 2021-ci ildən etibarən sərhədlərin delimitasiyası ilə bağlı aparılan müzakirələr də tez-tez gərginliklərlə müşayiət olunurdu. Xüsusilə 2021-ci ilin noyabrında, 2022-ci ilin sentyabrında və 2023-cü ilin mart-may aylarında Ermənistanın törətdiyi silahlı təxribatlar bölgədə vəziyyəti yenidən gərginləşdirirdi. Ermənistan 2020-ci il 10 noyabr tarixli Bəyanatın tələblərinə əməl etməyərək, üç il ərzində nə canlı qüvvəsini, nə də hərbi texnikasını Azərbaycan ərazisindən çıxarmadı. Əksinə, Qarabağ bölgəsində yüzdən artıq tank və zirehli texnika, iki yüzdən çox top və artilleriya qurğusu, eləcə də müasir hava hücumundan müdafiə sistemləri və radioelektron mübarizə vasitələri yerləşdirmişdi. Beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq, dövlətimizin suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmək, eləcə də davam edən təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Ordusu 2023-cü il sentyabrın 19-20-də qısamüddətli və lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Əməliyyat zamanı düşmənin əsas hərbi infrastruktur obyektləri zərərsizləşdirildi, qanunsuz silahlı birləşmələr tərksilah edildi və ölkəmizin suverenliyi tam şəkildə təmin olundu. Bu addım bölgədə davamlı sülh və sabitlik üçün real zəmin yaratdı. İkinci Qarabağ müharibəsindən sonra bölgədə təhlükəsizlik baxımından ən ciddi təhdidlərdən biri Ermənistan istehsalı olan minalar idi. 2021-ci ildən başlayaraq Ermənistan tərəfindən Azərbaycana qarşı məqsədli şəkildə mina terroru həyata keçirilirdi. Müharibədən sonrakı illərdə Ermənistandan Qarabağa qanunsuz şəkildə minalar gətirilir və müxtəlif ərazilərdə basdırılırdı. Eyni zamanda, Qarabağda separatçıların qeyri-qanuni fəaliyyəti ölkəmizdə vətəndaş cəmiyyəti nümayəndələrinin və ekologiya fəallarının ciddi narazılığına səbəb olmuşdu. Şuşa-Laçın yolunda baş tutan etiraz aksiyası bu qanunsuzluqlara qarşı ictimai iradənin və vətəndaş mövqeyinin bariz nümunəsi idi. Xüsusilə də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı, ekoloji normaların pozulması və təbii sərvətlərin Ermənistana daşınması cəmiyyətin səbrini tükətmişdi. Ölkəmizin ərazisində Ermənistanın qanunsuz fəaliyyətinin qarşısını almaq məqsədilə 2023-cü il 23 aprel tarixində Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistanla sərhəddə Laçın sərhəd-buraxılış məntəqəsi quruldu. Bu addım, üçtərəfli Bəyanatın müddəalarına uyğun şəkildə atılsa da, Ermənistan tərəfindən narazılıqla qarşılandı. Buna baxmayaraq, sərhəd-buraxılış məntəqəsinin yaradılması Ermənistanın Qarabağa qanunsuz silah-sursat və canlı qüvvə göndərməsinin qarşısını almaqda mühüm rol oynadı və bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə ciddi töhfə verdi. 2023-cü il sentyabrın 19-da erməni silahlı dəstələrinin diversiya və terror hücumları nəticəsində mülki şəxslər və hərbi qulluqçular şəhid oldu. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda əvvəlcədən basdırılmış minaların partlaması, Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması, həmçinin Ağdam və Şuşada törədilən terror aktları ölkəmizi qətiyyətli addımlar atmağa məcbur etdi. Ermənistanın Qarabağdakı qeyri-qanuni silahlı birləşmələrinin mövqelərini möhkəmləndirməsi və yüksək döyüş hazırlığı əməliyyatın zəruriliyini daha da artırdı. Bütün bu hadisələr Azərbaycanın Konstitusiya quruluşunu bərpa etmək məqsədilə lokal xarakterli antiterror əməliyyatına başlamasına səbəb oldu. Cəmi 23 saat davam edən əməliyyat nəticəsində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Azərbaycan Ordusu müasir, yüksək dəqiqlikli silahlardan istifadə edərək düşmənin mövqelərini, uzunmüddətli atəş nöqtələrini və hərbi texnikasını məhv etdi. Qarabağdakı erməni sakinlərinin Rusiya sülhməramlı kontingenti vasitəsilə etdiyi müraciət əsasında atəşkəs razılaşması əldə edildi. 20 sentyabr saat 13:00-da əməliyyat dayandırıldı və qeyri-qanuni silahlı birləşmələrin, həmçinin Ermənistan ordusunun tam tərksilah edilərək Azərbaycan ərazilərini tərk etməsi, bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi, bu prosesin Rusiya sülhməramlıları ilə koordinasiyada həyata keçirilməsi şərti ilə tədbirlər görüldü. Azərbaycan dövləti əməliyyat zamanı humanizm prinsiplərinə sadiq qalaraq beynəlxalq humanitar hüquq normalarına tam riayət etdi. Əhalinin təhlükəsizliyi təmin olundu, tibbi və sosial yardımlar göstərildi, qadınlar, uşaqlar, yaşlılar və xəstələr xüsusi qayğı ilə qorundu. İctimai, sosial, tibbi, dini və digər vacib obyektlərin mühafizəsi də təmin edildi. Bir günlük antiterror əməliyyatından sonra, uzun illər Azərbaycanla dialoqdan yayınan Qarabağdakı erməni icmasının nümayəndələri Yevlaxda görüşmək məcburiyyətində qaldılar. Görüşdə separatçı rejimin ləğvi və erməni əhalisinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası məsələləri müzakirə edildi. Sentyabrın 28-də qondarma “Dağlıq Qarabağ rejimi”nin rəhbəri Samvel Şahramanyan separatçı qurumun ləğvi barədə sənəd imzaladı. Beləliklə, 24 saatdan az müddətdə Ermənistan ordusu Azərbaycan ərazisini tam tərk etdi, xunta rejimi süquta uğradı və əsas separatçı liderlər həbs olundu. Azərbaycan öz dövlət suverenliyini tam şəkildə təmin etdi. Müzəffər Ali Baş Komandanımız  İlham Əliyev 2023-cü il 15 oktyabr tarixində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində üçrəngli bayrağımızı ucaldaraq, bu ərazilərin tam olaraq Azərbaycan nəzarətinə keçdiyini və dövlətimizin suverenliyinin təmin olunduğunu bütün dünyaya açıq şəkildə göstərdi.

2024-cü il sentyabrın 19-da dövlət başçımız Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi barədə Sərəncam imzaladı. Bu Sərəncamla hər il sentyabrın 20-si ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Sərəncamda vurğulanır: "Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir".

Azərbaycanın suverenliyinin bərpa olunması ilə regionda yeni reallıqlar formalaşdı və bu reallıqlar beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edilməyə başladı. Bu, həm də postmünaqişə dövründə ölkəmizin sülh quruculuğu, reinteqrasiya və inkişaf strategiyasının uğurla həyata keçirilməsi üçün möhkəm təməl yaratdı.

Hazırda Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı quruculuq proqramı uğurla həyata keçirilir. İşğal dövründə tamamilə dağıdılmış kəndlər, qəsəbələr və şəhərlər yenidən dirçəldilir, doğma torpaqlarımıza həyat və canlılıq qayıdır. Bu torpaqlarda başlayan yeni həyat gələcək nəsillər üçün sülh və inkişafın təminatıdır. Məhz bu səbəbdən, Azərbaycan Respublikasında sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin günü kimi təsis olunmuşdur və bu günlər bölgələrin azadlığı, bərpası və dövlət suverenliyinin təmin olunmasının mühüm rəmzi kimi xalqımızın tarixində əbədi yer tutmuşdur.

Şəmsiyyə Əliqızı, “İki sahil”

Chosen
8
ikisahil.az

1Sources