EN

Astanada dünya və ənənəvi dinlərin liderlərinin VIII Qurultayı keçirilir

Astana, 17 sentyabr, AZƏRTAC

Sentyabrın 17-18-də paytaxt Astana şəhərində Qazaxıstan Respublikası Prezidenti Qasım-Jomart Tokayevin sədrliyi ilə dünya və ənənəvi dinlərin liderlərinin VIII Qurultayı keçirilir.

AZƏRTAC-ın məlumatına görə, VIII Qurultayın işində dünyanın təxminən 60 ölkəsindən 100-dən çox nümayəndə heyətinin iştirakı gözlənilir. Onların arasında islam, xristianlıq, buddizm, yəhudilik, hinduizm, daosizm, zərdüştlük, sintoizm dinlərinin ruhani liderləri, həmçinin beynəlxalq təşkilatların, ekspert ictimaiyyətinin nümayəndələri, siyasi və ictimai xadimlər var.

Sentyabrın 16-da qurultay çərçivəsində BMT Sivilizasiyalar Alyansının himayəsi altında dini obyektlərin qorunması üzrə Xüsusi sessiya keçirildi, sentyabrın 18-də isə gənc dini liderlərin II Forumu keçiriləcək.

Dünya və ənənəvi dinlərin liderlərinin qurultayları Astanada 2003-cü ildən Qazaxıstanın təşəbbüsü ilə keçirilir.

Qurultayın məqsədləri - dünya və ənənəvi dinlərdə əks olunan ümumbəşəri dəyərlərin axtarılması; konstruktiv dialoq aparmaq və razılaşdırılmış qərarlar qəbul etmək üçün daimi fəaliyyət göstərən beynəlxalq konfessiyalararası institutun formalaşdırılması və inkişafıdır.

 
Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Chosen
54
1
azertag.az

2Sources