Amma Britaniyanın Qafqaz siyasəti dünən formalaşmayıb. 1870-1910-cu illərdə Bakı nefti dünyada hasil olunan neftin təxminən 50%-ni təşkil edən dövrdə britaniyalı investorlar, xüsusən də Nobel qardaşları ilə yanaşı Rotşild ailəsi və Britaniya maliyyə dairələri, Azərbaycandakı bu sahəyə böyük sərmayə qoymuşdular.
Həmin dövrdə London bankirləri və şirkətləri Bakı neftinin dünya bazarlarına ixracında mühüm rol oynayırdılar. Xüsusilə 1890-cı illərdə Britaniya şirkətləri Xəzər bölgəsində hasilat və daşınma infrastrukturunun maliyyələşdirilməsinə qoşulmuşdular.
Qayıdaq indiki vaxta. Son illərdə qlobal enerji böhranı və Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın əhəmiyyəti Avropa üçün daha da artmışdır. Avropa dövlətləri Rusiya qazından asılılığı azaltmaq xəttini seçdiyi bir vaxtda, Azərbaycanın enerji resursları və tranzit mövqeyi Britaniya və ümumilikdə Qərb üçün əhəmiyyət kəsb edir. Bu səbəbdən də London enerji əməkdaşlığını daha da dərinləşdirir və yeni mərhələdə yalnız neft və qazla kifayətlənməyərək, Azərbaycanın "yaşıl enerji strategiyası"na da xüsusi maraq göstərir. Qarabağ və Naxçıvanda günəş və külək enerjisi layihələrinə britaniyalı şirkətlərin marağı bu istiqamətdə əməkdaşlığın davamlı olacağını göstərir.
Sözsüz ki, Böyük Britaniyanın Azərbaycan siyasətini təkcə enerji maraqları ilə bağlamaq sadəlöhvlük olardı. Regionun geosiyasi əhəmiyyəti son 150 ildə Londonda aydın başa düşülüb. Bu gün enerji layihələrindən savayı Zəngəzur dəhlizi və Orta Dəhliz layihələri qlobal ticarət və nəqliyyat şəbəkəsinin mühüm hissəsinə çevrilməkdədir və bu, Britaniyanın dünya ticarətində iştirak maraqları ilə üst-üstə düşür. Beləliklə, Azərbaycan London üçün yalnız enerji təminatçısı deyil, həm də strateji tranzit qovşağına çevrilmişdir.
Təhlükəsizlik və müdafiə məsələləri də əməkdaşlığın mühüm tərkib hissəsidir. Xəzər dənizində enerji infrastrukturu və boru kəmərlərinin qorunması məsələsi, kibertəhlükəsizlik çağırışları, NATO çərçivəsində əməkdaşlıq formatları London-Bakı münasibətlərinin əsas istiqamətlərindəndir . Böyük Britaniya Azərbaycanın regional sabitliyin təmin olunmasında artan rolunu qəbul edir və Ermənistanla sülh prosesində balanslı mövqe sərgiləyir.
Nəticə etibarilə, Böyük Britaniya-Azərbaycan münasibətləri son otuz dörd ilin reallığında daha geniş geosiyasi areala transformasiya olunmuşdur. 2025-ci ilin beynəlxalq reallıqları göstərir ki, London üçün Azərbaycan həm enerji və logistika baxımından strateji qovşaq, həm də Qafqazda etibarlı siyasi tərəfdaş kimi qəbul olunur. Bu əlaqələrin gələcəkdə daha da möhkəmlənməsi, xüsusən yaşıl enerji, nəqliyyat dəhlizləri və regional təhlükəsizlik məsələləri üzrə əməkdaşlığın dərinləşməsi istisna edilmir.
Lakin, bir məsələni xüsusilə aydınlaşdırmaq lazımdır. Azərbaycan üçün Britaniya vacib tərəfdaşdır, siyasi və iqtisadi münasibətlərimizin dərin fəlsəfi - ideoloji kökləri var. Bununla yanaşı, Azərbaycan üçün onun rəsmi London ilə əməkdaşlığında üçüncü dövlətlərə qarşı heç bir niyyət yoxdur.
Bu kontekstə tarixə bir daha nəzər salaq.
XIX əsrdə Böyük Britaniya ilə Rusiya imperiyası arasında Cənubi Qafqaz və Türküstan (Mərkəzi Asiya) uğrunda gedən "Böyük oyun" rəqabəti regionun geosiyasi mənzərəsini müəyyənləşdirirdi. Bu mübarizənin mərkəzi mövzularından biri də Bakı nefti və ümumilikdə Xəzər hövzəsinin enerji resursları idi. Böyük Britaniya üçün bu sərvətlər yalnız iqtisadi deyil, həm də strateji əhəmiyyət daşıyırdı. Çünki Hindistan və Yaxın Şərq istiqamətindəki yolların təhlükəsizliyi və enerji təminatı Londona imperiya maraqlarını qorumaq baxımından həyati önəmli görünürdü. Bu səbəbdən Britaniya kapitalı XIX əsrin sonlarından etibarən Bakı neftinə sərmayə qoymağa, onu dünya bazarlarına çıxarmağa başlamışdı.
Eyni dövrdə Rusiya imperiyası da Cənubi Qafqazda öz hegemonluğunu möhkəmləndirməyə çalışırdı. Bakı nefti Rusiya üçün daxili sənaye inkişafı və hərbi gücün təminatı baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Beləliklə, Britaniya ilə Rusiya arasında rəqabət Azərbaycanın təbii sərvətlərini daha da strateji məkana çevirmişdi. İran isə bölgədə həm tarixi təsir faktoruna, həm də geosiyasi maraqlara malik idi və bu kontekstdə üç imperiyanın maraqları toqquşurdu.
Müasir dövrdə isə Azərbaycan beynəlxalq münasibətlərdə balanslaşdırılmış siyasət yürüdür. Bakı Britaniya ilə əməkdaşlığını dərinləşdirərkən, bu münasibətlərin heç bir dövlətə qarşı yönəlmədiyini xüsusi vurğulayır. Azərbaycan xarici siyasətdə "hamı ilə əməkdaşlıq, heç kimə qarşı düşmənçilik yox" prinsipini əsas tutur. Bunun nümunəsi kimi Azərbaycanın eyni zamanda həm Rusiya, həm İran, həm də Qərb dövlətləri ilə müxtəlif sahələrdə əməkdaşlıq münasibətlərini inkişaf etdirməsi göstərilə bilər.
Beləliklə, əgər XIX əsrdə Bakı nefti Britaniya-Rusiya rəqabətinin simvolu idisə, XXI əsrdə Azərbaycanın xarici siyasəti bu enerji resurslarını qarşıdurma deyil, əməkdaşlıq və qarşılıqlı fayda üçün istifadə etməyə yönəlib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31