EN

Folklor İnstitutunun əməkdaşı beynəlxalq simpoziumda Azərbaycanda adqoyma mərasimindən danışıb

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 17 sentyabr, AZƏRTAC

AMEA-nın Folklor İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Aynur İbrahimova Macarıstanın Szeged Universitetində keçirilən 13-cü Beynəlxalq Altay Topluluqları Simpoziumunda iştirak edib. O, bu mötəbər elmi tədbirdə idarə heyətinin üzvü olmaqla yanaşı, bölmə moderatoru da olub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, simpoziumda “Azərbaycan türklərində adqoyma və onun milli-etnik anlamı” mövzusunda məruzə ilə çıxış edən Folklor İnstitutunun əməkdaşı Aynur İbrahimova advermə motivinin layla, nağıl, atalar sözləri və dastanlarda qəhrəmanın epik bioqrafiyasını tamamlayan magik ritual olmaqla yanaşı, bütün dövrlər üçün aktual məzmun daşıdığını vurğulayıb. O, adqoyma ənənəsini Azərbaycan türklərinin mifoloji düşüncəsini, dini inanclarını, sosial quruluşunu və milli kimliyini əks etdirən mühüm etnoqrafik hadisə kimi dəyərləndirib. Çıxışında nümunələr əsasında Azərbaycan coğrafiyasında rast gəlinən adların xalqımızın tarixi və mədəni həyatını əks etdirdiyini, antroponimiyanın özünəməxsus xüsusiyyətlərə malik olduğunu qeyd edib. O, həmçinin adların seçilməsində dini inanclar, təbiət hadisələri, sosial status, bayramlar və ailə arzularının mühüm rol oynadığını, bu adların xalqın dini-mənəvi dəyərlərini, məişət xüsusiyyətlərini və etnopsixologiyasını özündə birləşdirdiyini diqqətə çatdırıb. Alim adqoyma ənənəsinin bu gün də yaşadılaraq xalqımızın mənəvi zənginliyini və milli kimliyini təsdiqləyən mədəni irs nümunəsi olaraq davam etdiyini vurğulayıb.

Ənənəvi olaraq hər il müxtəlif ölkələrdə təşkil olunan simpozium bu dəfə Macarıstanın Baş Nazirliyi, Szeged Universitetinin rektorluğu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu, Türk Tarix Qurumu, Türk Dünyası Bələdiyyələr Birliyi, İSTESOB, Türk Dövlətləri Təşkilatı və digər qurumların əməkdaşlığı ilə gerçəkləşdirilib. Üç gün davam edən intensiv və səmərəli müzakirələrdə Türkiyə, Azərbaycan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Yaponiya, Koreya, Monqolustan, Çin, Çili, Almaniya və Rusiya Federasiyası olmaqla, 150-yə yaxın alim və tədqiqatçı iştirak edib, ümumilikdə 135 elmi məruzə təqdim olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
40
azertag.az

1Sources