EN

Payızın sağlamlıq resepti

Xalq qazeti saytına istinadən ain.az xəbər verir.

Payız...Təbiətin rəssam kimi hər yarpağa bir fırça toxunuşu bəxş etdiyi mövsüm. Sarı, qızılı, narıncı və tünd qırmızı rənglərin rəqs etdiyi bu fəsildə sanki küləklər də söz demək istəyirmiş kimi pıçıldayır. Amma payızın bu romantikasının altında bir sınaq da yatır – bədənimizin müqaviməti, immunitetimiz.

Soyuyan hava, dəyişən temperatur və artan rütubət, bunlar təkcə yarpaqları deyil, bədənimizi də silkələyir. Yayın günəşindən ayrılan orqanizm, soyuq küləklərə qarşı hazırlıqsız qala bilər. Elə buna görə də payızda immun sisteminə xüsusi diqqət göstərmək vacibdir. Bəs bu mövsümdə immuniteti necə gücləndirək? Məhz bu məqsədlə kiçik bir araşdırma aparıb mütəxəssis rəylərini toplayaraq oxucularımıza təqdim edirik.

Payız bazarları bir rəng cənnətinə çevrilir. Nar, alma, armud, heyva, balqabaq, kök... Hər biri vitaminlərlə doludur. Xüsusilə C vitamini ilə zəngin olan meyvələr (nar, limon, kivi) immun sistemini təbii şəkildə dəstəkləyir. Balqabaq və kök kimi tərəvəzlər isə beta-karotinlə zəngindir ki, bu da orqanizmi infeksiyalardan qoruyur. Təbii ki, payızda soğanın yerini heç nə tuta bilməz. Kimi onun qoxusundan qaçar, kimi isə onu dərman sayır. Amma bir həqiqət dəyişməz qalır: soğan orqanizmin gizli qalasıdır. Soğan tərkibindəki kversetin, kükürd birləşmələrinin və antioksidantların sayəsində mikroblara qarşı mübarizədə ön cəbhədə dayanır. Soyuqdəymə, öskürək və burun axıntısının qarşını alır. Soğan həm də qanın durulaşmasına, orqanizmdəki ziyanlı maddələrin atılmasına və həzm sisteminin yaxşılaşmasına kömək edir. Bu fəsildə hər evin əvəzedilməz qoruyucularından biri də antibakterial və antivirus təsiri ilə tanınan sarımsaqdır. Qan dövranını yaxşılaşdırır, xəstəliklərə qarşı sipərdir.

Payızın dadlı və xeyirli təamlarından biri də xurmadır. A, C vitaminləri və dəmirlə zəngindir. İmmunitetə güc qatır, yorğunluğu aradan qaldırır. Bu fəsildə qida rasionumuza qatılması vacib olan digər tərəvəzlərdən olan kələm C vitamini və liflə zəngindir. Bağırsaq sağlamlığını qoruyur, orqanizmdəki toksinləri təmizləyir. Qırmızı bibərdə isə (acı və şirin) C vitamini limondan belə çoxdur. Qan dövranını sürətləndirir, bədəni isidir, soyuqdəymənin qarşısını alır. Qısası, bu sadə tərəvəzlər, payızın soyuyan nəfəsinə qarşı isti nəfəs kimi dayanır.

Payızda isti çayın yeri isə başqadır. Zəncəfil, limon və bal ilə hazırlanmış bir fincan çay bəzən bir həkimin edə bilmədiyini edə bilər. Eyni zamanda kəklikotu, adaçayı, nanə, cökə – bunlar da təkcə nənələrimizin sehirli reseptləri deyil, həm də elmi şəkildə təsdiqlənmiş təbii dərmanlardır.

Bunlarla yanaşı, hərəkət, bədəni canlı tutmaqda vacib şərtlərdəndir. Payızın sərin havası insanı yorğunluğa sürükləsə də gündəlik kiçik gəzintilər qan dövranını yaxşılaşdırır, orqanizmin dözümlülüyünü artırır. Parkdakı saralmış yarpaqların üzərində gəzmək həm ruhu, həm bədəni sağaldır.

Bəli, payızda təbiət necə ki köhnə yarpaqlarından azad olub yenilənməyə hazırlaşır, biz də bədənimizi və ruhumuzu bu dəyişikliklərə hazırlamalıyıq. Güclü immunitet yalnız dərmanlarla deyil, həyat tərzimizlə formalaşır.

Nurəngiz ADİLQIZIXQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
19
1
xalqqazeti.az

2Sources