EN

Hər yaradılan əsərdə oymaçının danışmaq istədiyi bir hekayə var MÜSAHİBƏ

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 17 sentyabr, Leyla Muradzadə, AZƏRTAC

Ağac üzərində oyma sənətində hər hansı bir fiquru yaratmaq asan görünə bilər, lakin bu heç də belə deyil. Bu işdə vacib olan yalnız alətlərin istifadəsi deyil, həmçinin işlədiyin materiala həssaslıqla yanaşaraq onu hiss etməkdir. Usta istifadə etdiyi taxtada ərsəyə gətirəcəyi fiquru görməlidir. Çünki hər yaradılan əsərdə oymaçının danışmaq istədiyi bir hekayə var.

Bu sənət növünün ustadı Seymur Əhədoğlu AZƏRTAC-ın müxbirinə gördüyü işin incəlikləri barədə danışıb.

Ağacoymaya marağının uşaqlıqdan yarandığını deyən müsahibimiz, bu sənətin sirlərini atasından öyrəndiyini deyir: “Atam taxta işlərinin çoxunu evdə hazırlayırdı. O işini bitirdikdən sonra mən lazımsız taxta parçalarından mətbəx bıçağı ilə dovşan, ayı və digər fiqurlar yonurdum. Vaxt keçdikcə bu işə marağım daha da artırdı”.

Məktəbi bitirdikdən sonra Seymur bəy Moskvada hüquqşünaslıq fakültəsinə daxil olur. Təhsilini bitirdikdən sonra o, Vətənə qayıdır və ağacoymaya olan marağı yenidən oyanır. Seymur usta özünü təkmilləşdirərək müxtəlif əl işləri yaratmağa başlayır.

Müsahibimizin ağacoymanı seçməsinin bir səbəbi də təzhib sənətinə sevgisidir. Təzhibin gözəlliyi, incəliyi və fəlsəfəsi onu bu işə çox həvəsləndirib: “Mən saatlarla oturub təzhibə baxa bilərəm. Təzhib sənəti bütün Şərq ölkələrinin qədim abidələrində – sarayların, məscidlərin işlənməsində istifadə olunub. Şəki Xan sarayında da təzhib sənətinin nümunələrini görmək mümkündür”.

Oymaçı işlərində ən çox qoz, palıd ağaclarından istifadə edir: “Tekstura, rəng və möhkəmliyinə görə onlar ən bahalı ağac növlərindən sayılır. Həmçinin hava şəraitinə də dözümlü olurlar”.

Adətən bir çox sənət növlərində böyük ölçülü əsərlərin tamamlanması daha uzun vaxt alır, lakin ağacoymada bu, tam əksinədir. Kiçik fiqurları yaratmaq bir aya yaxın zaman apara bilər. “Bəzən böyük ölçülü əşyanı isə iki günə bitirə bilərəm. Hamısı işin çətinliyindən asılıdır. Əl işlərində həm dərin oymadan istifadə edirəm, həm də taxta parçasına üzdən yüngül forma verirəm. Onu da qeyd edim ki, dərin oymalı işlər diqqət və zaman tələb edir”, - deyə Seymur usta qeyd edib.

Həmsöhbətimiz oyma sənətində rəssamlıq qabiliyyətinin vacib olduğunu deyib: “Əgər rəsm çəkməyi bacarmırsınızsa onda hər hansı bir əsər meydana gətirmək çətin olar. Məsələn, kvadrat formada bir taxta parçasını yonub ondan fil fiqurunu düzəltmək üçün mütləq şəkildə rəssamlığı yaxşı bilmək lazımdır”.

Emalatxanasının kiçik olduğu üçün hazırda davamçılarının olmadığını qeyd edən Seymur usta yaxın zamanlarda yeni məkana köçəcəyini bildirib: “Bu sənətə yiyələnmək üçün artıq bir neçə şəxs müraciət edib. Ağacoymada ən mühüm məqam səbir, həvəs və anlayışdır. Məsələn, bir fiquru yonan zaman səhv edə bilərsən. Fikirləşirsən ki, gördüyün iş boşa getdi. Lakin bu belə deyil. Korlanan fiqura baxıb onu düzəltməyin yollarını axtarırsan. Onu hansı fiqurla əvəzləyə bilərəm deyə düşünürsən. Bu zaman sənə yalnız yaradıcılığın kömək edə bilər və nəticədə ortalığa tamam başqa bir əsər çıxa bilər”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
30
1
azertag.az

2Sources