“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Türk dünyası: Ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsi çərçivəsində “Bizim ailəmiz Türk dünyasıdır” adlı konfrans keçirilib. SİA xəbər verir ki, tədbir Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun binasında baş tutub. İlk olaraq iştirakçılar qeydiyyatdan keçib, daha sonra aparıcının açılış nitqi ilə tədbirə start verilib. Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərin və Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və CASCFEN sədri Nadir Azərinin salamlama çıxışlarından sonra tədbir iştirakçılarına videomaterial təqdim edilib. Konfransın moderatoru, Beynəlxalq “Alaş” mükafatı laureatı, türk dünyası sevdalısı Əkbər Qoşalı tədbirin əsas hissəsini idarə edib və məruzə ilə çıxış edib.
Daha sonra KKTC-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turganer, millət vəkilləri Elçin Mirzəbəyli və Vüqar İskəndərov, Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli, eləcə də Əməkdar jurnalist Azər Həsrət mövzu ətrafında çıxışlar ediblər.
Tədbirdə iştirakçılar yerdən çıxış edərək fikir və təkliflərini bildiriblər. Ardınca layihəyə dəstək göstərən şəxslərə plaket və təşəkkürnamələr təqdim olunub, “Bizim ailəmiz Türk dünyasıdır” adlı yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Konfrans çərçivəsində CASCFEN ilə İZAZDER arasında əməkdaşlıq protokolu imzalanıb. Sonda xatirə fotosu çəkilib və tədbir öz işini yekunlaşdırıb.