Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bu gün bəşəriyyətin ən böyük bəlalarından biri narkomaniyadır. . Tez yayılan bu vərdiş yalnız şəxsi həyat deyil, həm də ailə və cəmiyyət üçün təhlükə yaradır.
Narkomaniya təkcə fərdin deyil, ailənin və bütöv cəmiyyətin həyatını təhlükəyə atır. Buna görə də belə insanlara həm professional, həm də mənəvi dəstək göstərmək son dərəcə vacibdir.
Bu məsələlər fonunda “Təmiz Gələcək Naminə” Reabilitasiya Mərkəzinin rəhbəri Ağa Şirinzadə ilə söhbətləşdik.
-Əvvəlcə mərkəzinizdən danışaq
– “Təmiz Gələcək Naminə” Reabilitasiya Mərkəzi artıq iki ildən çoxdur ki, fəaliyyət göstərir. Mən özüm 12–13 il narkotikdən əziyyət çəkmişəm. Çox şükür ki, illərdir tam sağlamam, gözəl ailəm və dostlarım var. Hazırda mərkəzin proqram rəhbəri kimi çalışıram.
Reabilitasiya mərkəzi asılı insanlara başqa heç bir yerdə əldə edə bilməyəcəkləri dəstəyi göstərir, onlara sağalma yolunu açır. İlk növbədə müraciət edən insanların psixologiyası, düşüncələri və donmuş hissləri bərpa olunur. Bu cür mərkəzlər asılı insanlara böyük şans yaradır.
Mən özüm vaxtilə bu vəziyyətdən əziyyət çəkərkən tanınmış narkoloqların yanında olmuşam. Reabilitasiya mərkəzinə gəlməmişdən əvvəl sağalmaq üçün hər cür uyğun yerləri axtarmışam. Uzun axtarışlardan sonra başqa bir reabilitasiya mərkəzinə müraciət etdim və çox şükür ki, onun faydasını gördüm. Müxtəlif bərpa mərkəzlərində də dəfələrlə müalicə almışam, amma nəticə əldə edə bilməmişdim.
Çünki belə insanların problemi ilk növbədə beyinlə bağlıdır. Can ağrısı dayana bilər, amma beyin yenə də rolunu göstərir. Ona görə əsas məsələ beyni düzəltməkdir. Şükür Allaha, illərdir özümü idarə edirəm və qoruyuram.
“Cəmiyyət də çox vaxt belə insanları qəbul etmir….”
-Mərkəzinizdə narkotik asılılığından əziyyət çəkən şəxslərə hansı üsullarla müalicə və dəstək göstərilir?
-İlk öncə qeyd edim ki, bizim mərkəzdə yalnız narkotik asılılığı olan şəxslər deyil, həmçinin oyun aludəçiləri və alkoqolizmlə mübarizə aparan insanlar da müalicə alırlar. Onlarla ilk görüşdən başlayaraq empati qurmağa, yaşadıqları hissləri anlamağa çalışırıq. Əsas diqqət psixoloji və mənəvi yardıma yönəlir.
Mərkəzdə intizam qaydalarına əsaslanan həyat tərzi tətbiq olunur. Çünki burada əsas problem təkcə narkotik deyil, insanı bu yola gətirən davranışlardır. Biz ilk növbədə həmin davranışlara diqqət edirik və köklü problemlərin həllinə çalışırıq.
Əslində çoxumuz həyatda etdiyimiz səhvlərin nəticəsində narkotiklə tanış olmuşuq. Bu asılılıq insanı elə bir vəziyyətə gətirir ki, hətta öz ölümünü gözləmək məqamına çatır. Təəssüf ki, cəmiyyət də çox vaxt belə insanları qəbul etmir, onlara dəstək göstərmir. Bizim mərkəz isə məhz bu boşluğu doldurur, asılı insanlara yenidən həyata qayıtmaq üçün şans verir. Müalicə prosesi mütəxəssislər tərəfindən xüsusi təlimlərlə keçirilir. Mərkəzdə intizam (disiplin) mövcuddur, lakin hər şey sevgi və qayğı ilə yanaşaraq həyata keçirilir. Biz bacardığımız qədər fərdlərə dəstək olmağa çalışırıq.
-Bəs cəmiyyətin vəzifəsi nədir?
-Təəssüf ki, bəzən cəmiyyət asılı insanları qəbul etmir, onlara dəstək göstərmir. Bəzən sosial şəbəkələrdə maarifləndirici xarakterli canlı yayımlar edirik, ümidini itirmiş insanlara ümid verməyə çalışırıq. Ancaq bu zaman çox vaxt mənfi münasibətlə də qarşılaşırıq. Bəzi insanların düşüncələri, davranışları, hətta danışıq tərzi o qədər nifrət dolu olur ki, “Narkoman sağalmaz, onun sonu ölümdür” kimi ifadələr səsləndirirlər. Bu, çox pis bir yanaşmadır.
Əksinə, cəmiyyət dəstək olmalı, mənəvi motivasiya verməlidir. Təəssüf ki, biz əksər hallarda bunun əvəzində pessimist və neqativ reaksiyalar görürük. Halbuki narkotik asılılığı da digər xəstəliklər kimi qəbul edilməlidir. Məsələn, şəkər xəstəsi müəyyən müayinələrdən keçmədən sağalmırsa, narkotik asılılığının da öz müalicə yolu var — bu da “12 addım” proqramıdır.
Cəmiyyətin üzərinə düşən əsas vəzifə anlayış və hörmətdi, nifrət dolu düşüncələri bir kənara qoymaqdır. Biz cəmiyyətdən yalnız hörmət və anlayış gözləyirik.
” Asılı insan adətən sevinci, kədəri, eyforiyanı tanımır….”
-Müalicə alan şəxslərin ən çox rast gəlinən psixoloji və sosial çətinlikləri hansılardır?
-Ən çox rast gəlinən çətinliklərdən biri başqalarının fikrindən asılı olmaqdır. Belə insanlar illərlə təkliyə qapanmış vəziyyətdə yaşayıblar, onlar illərdir diri ölü olublar. Onlar heç kimlə münasibət qurmur, söhbət edə bilmir, sosiallaşmır və nəticədə yalnız narkotikdən istifadə etməklə varlığını davam etdirirlər. Bu, insanı dalana salan, bitmə halına gətirən bir vəziyyətdir.
Ən pis məqam isə sevgisizliyin çoxluq təşkil etməsidir. Asılı insanlarda bütün ümidlər sönür, hisslər donur. Mən özüm müalicə aldığım dövrdə reabilitasiya mərkəzində o qədər fərqli hisslər yaşadım ki, düşündüm ki, görəsən, insanın içində bu qədər duyğu ola bilərmi?
Asılı insan adətən sevinci, kədəri, eyforiyanı tanımır — sadəcə iki hissi bilir: yaxşı və pis. Ancaq mərkəzdə qalaraq müalicə prosesi keçdikdən sonra insanın qapanmış hissləri açılır, bərpa olunur. O, yenidən gülməyə, sevinməyə, həyatın gözəlliklərini hiss etməyə başlayır.
-Müalicədən sonra onların normal həyata qayıtması üçün hansı addımlar atılır?
-Təbii ki, bu, bizi də çox maraqlandırır. Daha əvvəl qeyd etdiyim kimi, bizim mərkəz başqa heç kəsin vermədiyi şansları təqdim edir. Proqramı 6 ay başa vuran şəxs sonrakı 3 ay ərzində könüllü olaraq mərkəzə gəlməlidir. Bu dövrdə həftənin 2 günü mərkəzdə qalır, sanki işçi kimi digərlərinə kömək etməyə başlayır, 4 günü isə evdə keçirir. Bu proses tamamilə ödənişsizdir.
Həmin 3 ay “Adaptasiya dövrü” adlanır. Çünki illərlə ayıq olmayan, beyni dumanlı vəziyyətdə yaşayan bir insanı birdən-birə nəzarətsiz buraxmaq olmaz. Onların ruhu illərlə istifadədə olub, buna görə də mərhələli şəkildə həyata qaytarılmalıdır.
Biz adaptasiya dövründə daim əlaqədə oluruq, onlara məsləhətlər veririk. Xüsusi qruplarımız olur, iclaslar keçirilir, müxtəlif mövzular ətrafında söhbətlər aparılır. Eyni zamanda çalışırıq ki, onlar hansısa fəaliyyətlə məşğul olsunlar. Əgər deyilənlərə əməl olunmazsa və insan uzaqlaşarsa, təəssüf ki, yenidən istifadəyə qayıtmaq riski yaranır.
6 aylıq müalicədən sonra keçilən bu 3 aylıq xüsusi mərhələdən kənarda qalsalar, yenidən təhlükə ilə üzləşə bilərlər. Dediyimiz bütün bu proseslər gündə cəmi 1 saata yaxın vaxtlarını alır, bu onların həyatı üçün çox önəmlidir.
-Müalicədən sonra həmin şəxslər yenidən eyni hallara qayıda bilərmi?
-Bəli, belə hallar olub. Əsas səbəb isə çox vaxt ailədəki münasibətlə bağlıdır. Bəzən valideyn övladını elə qarşılayır ki, sanki müharibədən qayıdıb — qurban kəsir, məclis təşkil edir. Bəzən də ayağının altına bahalı maşın alıb verir.
Həmçinin bəzən valideynlər uşağa dərhal pul verir və ya tələsik evləndirməyə çalışırlar. Bu, dəstək deyil, əksinə, səhv yanaşmadır. Bunlar mərhələli şəkildə atılmalıdır. Mən özüm də bu prosesləri yaşamışam və bilirəm ki, reabilitasiyadan sonra hər kəsin müəyyən qrafik üzrə addımlaması vacibdir. Əks halda, geriyə dönüş riski artır.
-Bəziləri də ki, heç sağalmaq istəmir…
-Bəli, belə hallar mümkündür, ancaq onlara dəstək göstərmək vacibdir. Yenə də hər şey beynin vəziyyəti ilə bağlıdır. Tam 6 aylıq müalicə prosesini başa vura bilsələr, hər şey yoluna düşür. Sevindirici haldır ki, bu gün reabilitasiya mərkəzlərinin nəticələri kifayət qədər yaxşıdır. Hətta bunu araşdırıb görsələr, nəticələr özünü göstərir.
“Niyyətimiz böyük məbləğdə pul qazanmaq deyil”
-Cəmiyyətdə belə bir fikir formalaşıb ki, reabilitasiya mərkəzləri sadəcə biznes xarakterlidir. Bu barədə nə deyə bilərsiniz?
-Düşünmürəm ki, bu belədir. Doğrudur, Azərbaycanda bu proqram gec gəlib, amma yenə də var və buna sevinirik. Mən heç vaxt mərkəzləri sadəcə biznes kimi görməmişəm. Bu gün şəxsən mən mərkəzin rəhbəri kimi çalışıram və məqsədim heç də pul qazanmaq deyil.
Mən özüm vaxtilə mərkəzdən müalicə almışam. Həmin dövrdə valideynlərimin üzərindəki sevinc mənim üçün böyük bir dünyaya bərabər idi. Hazırda mərkəzimizdə 6–7 nəfər tamamilə köməksiz insan pulsuz müalicə alır. Eyni zamanda, 6–7 nəfər də çox kiçik miqdarda ödəniş edərək müalicə alır. Əlbəttə, vergi və digər xərclər var, buna görə ödənişlər də vacibdir. Amma gücümüz çatdığı qədər insanlara pulsuz xidmət göstərməyə çalışırıq.
Bizim niyyətimiz böyük məbləğdə pul qazanmaq deyil. Əsas məqsədimiz əziyyət çəkən insanlara kömək etməkdir. Mən bilmişəm ki, vaxtilə valideynim mənim sağalmamdan sevinmişdi və istəyərdim ki, bu əziyyəti çəkən hər kəsin valideyni də həmin hissləri yaşaya bilsin.
-Azərbaycanda reabilitasiyası sahəsində hansı boşluqlar və problemlər mövcuddur?
-Bu gün Azərbaycanda belə mərkəzlər kifayət qədər çoxdur, amma bəzi boşluqlar da varr. Əsas tövsiyəm budur ki, valideyn övladını hansısa mərkəzə qoymaq istəyəndə mütləq oranın proqram rəhbəri və aparılan proseslərlə tanış olmalıdır. Mən kiməsə göstəriş vermək niyyətində deyiləm, sadəcə tövsiyə edirəm.
Həmçinin, orada sağalan insanlar haqqında məlumatlı olmaq vacibdir. İnsan yalnız ayıq qala bilər, amma bu hələ sağalmaq demək deyil. Çünki sağalmaq üçün daima mübarizə aparmaq lazımdır. Unutmayaq ki, hər hansı narkotikdən asılı insan da bizim cəmiyyətimizdən biridir. Onlara dəstək olmaq, əlindən tutmaq lazımdır ki, cəmiyyətə qayıtsın. Əks halda, cəmiyyətdən uzaq qalan insanlar yenidən bu yola qayıda bilər. Buna görə də dəstək və hörmət göstərmək vacibdir.
-Dövlətin bu sahəyə marağı varmı?
-Bəli, əlbəttə ki, böyük maraq və diqqət var. Yaxınlarda cənab nazir Vilayət Eyvazov çıxışlarından birində dəstək xarakterli açıqlama verib. O demişdir ki, heç kim mane olmamalı, imkan verilməlidir ki, insanlar sağalsın.
Şəxsən mən də deyirəm ki, əgər bu gün Azərbaycanda reabilitasiya mərkəzləri olmasaydı, mən ya qəbirdə olardım, ya da zindanda. Bu mərkəzlərin rolu həqiqətən çox böyükdür.
-Mərkəzinizə müraciət edənlərin arasında tanınmış şəxslər, sürpriz simalar olubmu?
-Bəli, belə hallar olub. Təəssüf ki, kimliklərini və vəzifələrini açıqlamaq istəmirəm. Ancaq onu deyə bilərəm ki, bu gün onların əksəriyyəti artıq sağlam həyata qayıdıb. Bizim üçün mərkəzə gələnlərin kimliyi maraqlı deyil, əsas məsələ onların sağalmasıdır.
-Bəzən narkotik asılılığı olan şəxslərə cəmiyyətdə damğa vurulur. “Oradan çıxanlar yenidən asılılığa qayıdır” kimi tənqidlər səslənir. Bu yanaşmaya necə cavab verirsiniz?
-Əlbəttə, bu çox pis yanaşmadır. Belə insanlara damğa vurmaq və nifrət göstərmək əvəzinə onlara dəstək olmaq daha düzgündür. Çünki həmin insan yenidən bu yola qayıda bilər. Heç olmasa, yaxşılıq etməsələr belə, pislik etməsinlər. Heç kəsi qınamaq lazım deyil, çünki heç kim bilmir, kimin başına nə gələcək.
-Azərbaycanda məktəblərdə, xüsusən də oğlan uşaqları arasında narkotiklə mübarizə təbliğatı necə aparılmalıdır?
– Düşünürəm ki, bu sahədə hamı dəstək olmalıdır, təkliflər irəli sürülməlidir. Müvafiq qurumlara müraciət edərək xüsusi seminarlar və proqramlar təşkil edilməlidir. Biz özümüz də bəzi mərkəzlərdə asılı insanların qaldığı yerlərdə əziyyət çəkənlərlə daimi təmasdayıq.
Burada yalnız narkotiklə deyil, həm də qumar və alkoqolizm mövzularında maarifləndirmə aparmaq vacibdir. Bu iş təkcə psixoloqların işi olmamalıdır. Ekspertlər, mütəxəssislər birgə layihələr həyata keçirməlidirlər. Sizin də qeyd etdiyiniz kimi, xüsusilə oğlan uşaqları arasında narkomaniya üzrə mütəxəssislər daha fəal olmalı və birgə layihələr keçirməlidirlər.
“Cəza tədbirləri kifayət etmir….”
-Ölkədə narkotik mafiyasının qarşısını almaq üçün yalnız cəza tədbirləri kifayətdirmi, yoxsa başqa yollar da lazımdır?
-Bu, təkcə cəza tədbirləri ilə həll olunacaq məsələ deyil. Təəssüf ki, narkotik dövriyyəsi gözə görünməyən səviyyədədir və sosial şəbəkələrdə insanları bu yola cəlb etməyə çalışanlar da var. Bu şəxslərin çoxu qonşu ölkələrdən, əsasən İrandan idarə olunur. Onlar izləyir, bilirlər ki, insanlar sağalmağa çalışır, amma yenidən yoldan çıxartmaq üçün əllərindən gələni edirlər.
Həmçinin, narkotik müxtəlif yollarla ölkəyə gətirilir və sosial şəbəkələr vasitəsilə insanlara çatdırılır. Bu, vicdansızlıqdır və cəmiyyəti pozur. Dövlətimiz buna qarşı mübarizə aparır, amma buna baxmayaraq belə hallar davam edir. Ona görə də yalnız cəza tədbirləri kifayət etmir, eyni zamanda maarifləndirmə, reabilitasiya və sosial dəstək tədbirləri də vacibdir.
-Gənclərin bu təhlükədən uzaq olması üçün valideynlərə tövsiyələriniz nədir?
-Əsas sevgi və diqqətdir. Gənc nəsil böyüyür və onlar gələcəyimizdir, böyük uğurlu insanlar ola bilərlər. Uşaqlara sevgi və qayğı göstərmək, onları qorumaq, dostlarına və ətraf mühitə diqqət etmək çox vacibdir. Çünki ətraf mühit onların formalaşmasında böyük rol oynayır.
-Mərkəzinizdə narkotikdən tamamilə qurtulub, həyata yenidən bağlanan insanların hekayələrindən danışın
-Saysız-hesabsız hekayələr var. Ən yaddaqalan hekayələrdən biri, insanın cəmiyyətə qayıdıb həyatı yenidən qurmasıdır. Onlar gözəl şəkildə həyata bağlanır, işdə uğurlar əldə edir və xoşbəxt ailə həyatı qururlar. Özüm də müalicə aldıqdan sonra bu cür uğurlara nail olmuşam.
Reabilitasiya mərkəzinə gələn insan dediklərimizi yerinə yetirirsə, mən ona söz verirəm ki, ömrünün sonuna qədər sağlam qala bilər. Hər nə olursa olsun, qapımız hər kəsə açıqdır. İnsan çox səhv edə bilər, amma əsas odur ki, onun üçün heç nə gec olmasın və vaxtında yoluna qayıtsın. Bu çərçivədə birlik olmalıdır; birlik olmazsa, effekt əldə etmək mümkün deyil.
-Ağa bəy son vaxtlar gözəllik salonlarında da insanları asılı vəziyyətə düşdüyünü müşahidə edirik. Bəs bunun qarşısı necə alınmalıdır?
-Bəli, təəssüf ki, belə hallar var. Qadınları arıqamaq adı ilə aldadırlar. Müxtəlif vasitələr təklif edərək asılı vəziyyətə salırlar. Mən əvvəllər bu barədə çox eşitmişdim, amma inanmaq istəmirdim. Təəssüf ki, bu halların sayı çoxdur.
Bu, əsasən əməkdaşlıq və biznes maraqları üçün edilir — sadəcə pul qazanmaq məqsədi ilə iyrənc yollardan istifadə olunur. Çox istərdim ki, bu hallar diqqətə alınsın, nəzarət gücləndirilsin və qarşısı alınsın.
-Dövlət sizə tam sərbəst imkanlar yaratsa, narkotik asılılığı ilə mübarizədə hansı yenilikləri tətbiq edərdiniz?
-Çox planlarımız və ideyalarımız var. Əgər icazə versələr, biz belə insanları həbsə deyil, müalicəyə yönəltməyə kömək edərdik. Çünki həbs müddəti bitəndən sonra eyni hallar təkrar olunur. Dövlətimizi qınamaq lazım deyil, çünki onların rolu da böyükdür.
Məqsədlərimiz çoxdur və insanları davamlı olaraq həyata qaytarmaq üzərində çalışırıq. Çox istərdim ki, fəaliyyətimizi rayonlarda da genişləndirək və daha çox insana yardım edə bilək.
Şəbnəm Rəhimova
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.