Olaylar.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Etiraz aksiyaları paytaxt Bratislava da daxil olmaqla ölkənin 16 iri şəhərində keçirilib.
Son etiraz dalğası Ficonun Çinə səfərinin ardından başlayıb. Baş nazir orada Rusiya prezidenti Vladimir Putinlə Ukraynaya qarşı genişmiqyaslı müharibənin başlamasından bəri üçüncü dəfə görüşüb. Bundan əlavə, hökumətin yaxın günlərdə təsdiqlədiyi sərt qənaət tədbirləri cəmiyyətdə narazılığı daha da artırıb.
Rəsmi Bratislava bu tədbirlərin büdcə kəsirini azaltmaq üçün zəruri olduğunu bildirir. Ötən il büdcə kəsiri 5,3% təşkil edib, bu il isə 5%-dən çox olacağı gözlənilir ki, bu da Avropa İttifaqının 3%-lik həddi ilə müqayisədə xeyli yüksəkdir.
Yeni tədbirlərə tibbi və sosial sığorta xərclərinin artırılması, yüksək gəlirli şəxslər üçün gəlir vergisinin, bəzi ərzaq məhsullarına isə əlavə dəyər vergisinin tətbiqi daxildir. Bundan başqa, milli bayram günlərinin ixtisarı da nəzərdən keçirilir.
Həmkarlar ittifaqları və digər tənqidçilər bu tədbirlərin əsas yükünün sıravi vətəndaşların üzərinə düşəcəyini deyir. Biznes nümayəndələri isə islahatların iqtisadiyyatı möhkəmləndirməyə kömək etməyəcəyini bildirirlər.