EN

İpotekaya dair tələblər 3 iş günündə qeydə alınacaq

İpoteka hüququ ilə bağlı qanunvericiliyə dəyişiklik olunur.

Tribunainfo.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İpoteka haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Qanun layihəsi ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsi mexanizminin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Belə ki, qanunda bu hüququn ipoteka saxlayanlar arasında müqavilə əsasında dəyişdirilə bilməsi nəzərdə tutulub. Qanun layihəsinə əsasən, ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsi barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi və üstünlük hüququnun dövlət reyestrində qeydiyyata alınması təklif olunur.

Qanun layihəsinə əsasən, ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ ipoteka saxlayanlar arasında dəyişdirildikdə hüquqlar daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində qeydə alınacaq. Həmçinin ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ dəyişdirildikdə dövlət rüsumu üstünlük hüququnun keçdiyi ipoteka saxlayan tərəfindən ödəniləcək.

İpotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsinin dövlət qeydiyyatı bu mexanizmin daha işlək olmasına və üstünlük hüququ olan ipoteka saxlayanın hüquqlarının daha səmərəli həyata keçirilməsinə xidmət edəcək.

Qanun layihəsinin qəbul edilməsi nəticəsində ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması yolu ilə bu hüquqların dövlət reyestrində tanınması və təsdiq edilməsi təmin ediləcək.

Chosen
48
11
tribunainfo.az

10Sources