EN

Əli Məsimli: Kənd təsərrüfatı sektorunda geriləmə var

2025-ci ilin ilk 8 ayının statistik göstəricilərinə əsasən, kənd təsərrüfatı sektorunda təxminən 1%-lik azalma müşahidə olunub. Bunu Milli Məclisin deputatı Əli Məsimli komitə iclasında çıxışı zamanı deyib.

 Onun sözlərinə görə, bu, əvvəlki illərdə müşahidə edilən illik 3%-ə yaxın artım tendensiyasından geriyə dönüş deməkdir.

“Əvvəllər kənd təsərrüfatına ayrılan təqribən 500 milyon manatlıq dəstək fonunda 12 məhsul növü üzrə 5–7% artım əldə etmək mümkün idi. Hazırda bu vəsait təxminən iki dəfə artsa da, nəticə olaraq artım tempi azalıb, bu isə mənfi göstəricidir,” –  Məsimli qeyd edib.

Deputat bildirib ki, qanunvericilik dəyişiklikləri ilə yanaşı, iqlim dəyişiklikləri və quraqlığın kənd təsərrüfatına təsirləri də ciddi şəkildə nəzərə alınmalıdır. O, quraqlığın təbii fəlakət kimi tanınması ilə bağlı qanun layihəsinin hazırlanaraq gündəliyə çıxarılmasının vacibliyini vurğulayıb.

“Bu sahədə aidiyyəti qurumlarla məsləhətləşmələr aparılmalı, fermerlərin iqlim risklərinə qarşı müdafiəsi gücləndirilməlidir", - deputat deyib.

Əli Məsimli həmçinin yerli və xarici sahibkarlarla sosial sorğuların keçirilməsi, təkliflər paketinin hazırlanması, və ictimai dinləmələrin təşkili təklifini də irəli sürüb.

“İqtisadiyyatın əsas aspektləri, suverenlik ili çərçivəsində Konstitusiya ilə bağlı məsələlər və Azərbaycan sənayesinin problemləri üzrə dinləmələr təşkil olunmalıdır. Bu sessiyada mümkün olmasa da, gələn sessiyada mütləq keçirilməlidir,” –  deputat əlavə edib.

Gülnar Nazimqızı 

Chosen
35
1
anews.az

2Sources