EN

“Benfika”nın kapitanı: “Qarabağ”la matçdan dərs çıxarmalıyıq

“Benfika”nın

Çox ağır nəticədir. Azarkeşlərin qarşısına çıxıb üzr istəməkdən başqa çarəmiz yoxdur. Çünki “Qarabağ”la oyunda bizdə heç nə alınmadı.

AZƏRTAC xəbər verir ki, bu sözləri Portuqaliyanın “Benfika” klubunun kapitanı Nikolas Otamendi UEFA Çempionlar Liqasının əsas mərhələsində evdə "Qarabağ"a 2:3 hesabı ilə məğlub olduqları oyun barədə ölkəsinin mətbuatına danışarkən deyib.

Argentinalı müdafiəçi bu matçdan dərs çıxarmalı olduqlarını bildirib: “Qarşıda bizi uzun yol gözləyir. İlk turdan bütün görüşləri qazanacağımıza heç kim zəmanət verə bilməz. Fərdi olaraq özümüzü daha da təkmilləşdirməliyik. Hesabda 2:0 öndə ikən standart vəziyyətdən qol buraxmaq olmaz. Yolumuza davam etməli, daha çox işləməli və azarkeşlərə gözəl oyun göstərməliyik. Mövsüm hələ yeni başlayıb. Öz meydanımızı rəqiblər üçün əsl “cəhənnəm”ə çevirməliyik. Azarkeşlərin etiraz etməyə tam haqqı var. Burada günah yalnız bir-iki nəfərdə deyil. Qazandıqda bu, hamımızın uğuru olur. Uduzduqda isə özümüzə tənqidi yanaşmağı bacarmalıyıq. Bilet alıb oyuna gələn bütün azarkeşlərimizdən üzr istəyirik”.

Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçirəcək.

Chosen
33
2
xalqcebhesi.az

3Sources