EN

"Biz geri döndük, həm də necə!" - Avropa mediası "Qarabağ"dan yazır

style='margin-bottom:10px;'>

"Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsində "Benfika" üzərindəki tarixi səfər qələbəsi (3:2) dünyanın idman mediasının da diqqətini çəkib. 8 il fasilədən sonra yenidən ÇL-in əsas mərhələsinə qayıdan Qurban Qurbanovun komandası yarışın qrup/liqa mərhələsində qalib gələn ilk Azərbaycan klubu olub.

QOL.az xəbər verir ki, Ağdam komandasının güclü rəqibi qarşısında sensasiyalı qələbəsi barədə nüfuzlu media qurumları da yazı hazırlayıblar, xəbərlər veriblər.

İspaniyanın "Marca" nəşri bu barədə verdiyi yazıya "Qarabağ" Çempionlar Liqasına dönüşündə tarix yazdı – Lissabonda Benfika üzərində qazandığı 2-3 hesablı qələbə ilə" başlığı verib. 

Qeyd edilir ki, oyunun ilk 16 dəqiqəsində iki qol fərqi ilə geri düşmələrinə baxmayaraq, Azərbaycan çempionu ruhdan düşmədi, geridönüş edərək qrup mərhələsindəki ilk üç xalını əldə etdi. "Estadio da Luş" (Da Luz stadionu) isə matçın sonunda yerli komandanı fit səsləri ilə yola saldı."Portuqaliya və Azərbaycan komandaları arasında keçirilən ilk oyunu, gözlənilməz şəkildə, azərbaycanlılar qazandı" - deyə yazıda bildirilir.

İspaniyanın başqa bir nəşri "Mundo Deportivo" "Qarabağ"ın yazısını "Qarabağ" "Benfika"nı məyus etdi və tarixi qələbə qazandı" başlığı ilə təqdim edib.

Yazıda bildirilib: "2017/18 mövsümündə Çempionlar Liqasında "Qarabağ" Dieqo Simeonenin çalışdırdığı "Atletiko Madrid"ə qarşı iki dəfə problem yaratmışdı. O vaxtdan bəri heç kim bu komandaya asanlıqla qalib gələcəyini zənn etmir. İndi isə "Benfika" da onlara qarşı xoş xatirələr saxlamayan klublar siyahısına qoşuldu. Portuqaliyalılar 2-0 öndə başladılar, amma oyun 2-3 hesabı ilə başa çatdı. Yadda qalan bir geridönüş.

Bruno Lagenin komandası evdə və öz azarkeşləri qarşısında sanki rahat bir qələbə qazanacaqmış kimi görünürdü, amma şənlik xoş sonluqla bitmədi". 

İtaliyanın "La Gazetta della sport" qəzeti xəbəri  "Qarabağ"  təəccübləndirdi, əla oyunla qələbə qazandı" başlığı ilə yayımlayıb.

Böyük Britaniyanın BBC media qurumunun saytında Charlotte Coatesin yazısında qeyd edilir ki, "Qarabağ" "Benfika" üzərində inanılmaz bir geri dönüş edərək tarix yazdı və Çempionlar Liqasının əsas mərhələsində qələbə qazanan ilk Azərbaycan komandası oldu.

"Avropanın ən nüfuzlu turnirinə səkkiz ildən sonra ilk dəfə vəsiqə qazanan Qurban Qurbanovun komandası oyunun ilk 16 dəqiqəsində Enzo Barrenechea və Vangelis Pavlidisin qolları ilə 2:0 hesabı ilə geri düşdü.

Azərbaycan çempionları 30-cu dəqiqədə Leandro Andradenin gözəl qolu ilə hesab arasındakı fərqi azaltdılar, daha sonra komanda yoldaşı Kadi Borgesin zərbəsi dirəyə tuş gəldi. Fasilədən üç dəqiqə sonra Qurbanovun komandası "Estadio da Luz" stadionunu susdurdu. Marko Yankoviçin müdafiəni yaran ötürməsi ilə Kamilo Duran Çempionlar Liqasında debütündə topu ustalıqla uzaq küncə göndərdi və hesabı bərabərləşdirdi.

Əvəzlənərək oyuna daxil olan Oleksey Kaşuk isə tarixi qələbə qolunu oyunun bitməsinə beş dəqiqə qalmış vurdu — qapıya arxası dönük vəziyyətdə topu qəbul edib, çevrilərək möhtəşəm şəkildə qola çevirdi. "Qarabağ"ın oyunçuları və məşqçiləri final fitindən sonra diz çökərək qələbəni qeyd etdilər. Bu, onların əvvəlki Çempionlar Liqası kampaniyasını iki heç-heçə və dörd məğlubiyyətlə başa vurduqdan sonra böyük bir nailiyyət oldu. Qurban Qurbanov və komandası növbəti turda evdə "Kopenhagen"i qəbul edəcək".

İngiltərənin "TNT Sports" qurumu yazıb ki, "Qarabağ" Oleksiy Kaşukun "Benfika"ya son dəqiqələrdə vurduğu qol ilə böyük sensasiyalardan birinə səbəb oldu".

Qardaş Türkiyənin mediası da "Qarabağ"ın tarixi uğurunu geniş işıqlandırıb. "Fanatik" qəzeti bu haqda yazısının başlığı belə olub: "Qarabağ" Çempionlar Liqasında tarix yazdı, "Benfika" yıxıldı".

Yutubda yayımlanan məşhur "Kontraspor" verilişinin sosial media hesabı "Qarabağ"lı futbolçuların şəklini böyük hərfərlə tarix yazdı sözləri ilə paylaşıb.

beinsports.com.tr saytının başlığı: "Çempionlar Liqasında gecənin sürprizi Qarabağdan gəldi! Möhtəşəm geridönüş".

"NTV Spor" yazısına "Qarabağ" tarix yazdı, Avropa şoka" düşdü başlığı verib.

Tarixi qələbəni Rusiya mediası da işıqlandırıb. "Matç TV" kanalının sosial media səhifəsi paylaşımına bu sözləri yazıb: "Qarabağ" "Benfika"nı məğlub etdi! Onlar Portuqaliyanın TOP klubuna qarşı səfərdə möhtəşəm geridönüş etdilər.  Azərbaycanlılar üçün fantastik start. Bunu ümumiyyətlə gözləyən var idimi?"

"Sport-ekspress"in başlığı: "Çempionlar Liqasının ilk sensasiyası: "Qarabağ" 30-cu dəqiqədə 0:2 geridə olmasına baxmayaraq, "Benfika" üzərində qələbə qazandı".

Qazaxıstanın sports.kz saytı isə yazını "Qarabağ"ın sensasiyalı geridönüşü tarixi oldu" başlığı ilə verib.

UEFA Çempionlar Liqasının rəsmi səhifəsi "Qarabağ"la bağlı paylaşımı "Biz geri döndük, həm də necə!" sözləri ilə yayımlayıb.

Chosen
76
2
teleqraf.com

3Sources