EN

Polis Daşkəsən dağlarında narkoşəbəkənin üzvünü yaxaladı – ƏMƏLİYYAT DAVAM EDİR

Narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə paytaxt və bölgələrdə fasiləsiz olaraq davam etdirilir.

DİN-in Mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə çətin relyef şəraitində həyata keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 31 yaşlı Zamin Məmmədov saxlanılıb.

Onun üzərindən ümumi çəkisi 12 kiloqram 150 qram tərkibi psixotrop maddələrlə zənginləşdirilən narkotik vasitə marixuana aşkarlanıb. Araşdırma zamanı onun narkotik vasitələri maddi qazanc müqabilində əldə etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, Zamin Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin də ifşa olunması istiqamətində tədbirlər davam etdirilir.

NATİQ

Dağlarda antinarkotik əməliyyatı ilə bağlı Musavat.com-a açıqlama verən “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov deyib ki, hər bir əməliyyat təkcə kriminal fakt deyil, həm də hüquqi müstəvidə ciddi nəticələr doğuran hadisədir:

“Hüquqi müstəvidən baxdıqda, saxlanılan şəxsin üzərindən 12 kiloqramdan artıq psixotrop maddə ilə zənginləşdirilmiş marixuananın aşkarlanması xüsusilə ağır cinayət tərkibi yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234-cü maddəsinə əsasən, bu həcmdə narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmaq azı 5 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası ilə nəticələnə bilər. Əgər araşdırma zamanı şəbəkə elementləri və ya qrup halında fəaliyyət təsdiq olunarsa, məsuliyyət daha da ağırlaşır və hətta 15 ilədək azadlıqdan məhrumetmə mümkündür”.

N.Ələsgərovun sözlərinə əsasən, burada diqqətçəkən məqam odur ki, əməliyyat dağlıq və çətin keçilən ərazilərdə aparılıb:

“Bu fakt hüquqi qiymətləndirmə baxımından birbaşa cinayətin təsnifatına təsir etməsə də, əməliyyat tədbirlərinin praktik və əməliyyat baxımından çətinliyini göstərir. Hüquq-mühafizə orqanlarının belə şəraitdə narkotik şəbəkələrinin fəaliyyətinə zərbə vurması dövlətin narkotik cinayətlərinə qarşı siyasətinin təzahürüdür.

Digər tərəfdən, araşdırma zamanı saxlanılan şəxsin narkotik vasitələri maddi qazanc müqabilində əldə etməsi müəyyən olunub. Bu, artıq cinayətin sadəcə istehlak deyil, kommersiya məqsədli satış və dövriyyə niyyəti ilə törədildiyini göstərir. Bu isə məhkəmə instansiyasında hökmün daha sərt çıxarılmasına əsas verəcək.

Əlavə olaraq, hüquqi prosedura uyğun olaraq məhkəmə Zamin Məmmədov barəsində həbs qətimkan tədbiri seçib. Bu qərar təcrübədə ən çox tətbiq olunan hüquqi addımdır. Çünki belə cinayət kateqoriyası üzrə azadlıqda qalmaq şəxsin şəbəkə üzvləri ilə əlaqəni davam etdirməsinə və istintaqa maneçilik törətməsinə gətirib çıxara bilər. Hüquq-mühafizə sistemi narkotiklərlə mübarizədə həm paytaxtda, həm də bölgələrdə ardıcıl və sərt addımlar atır. İndiki mərhələdə ən vacib məsələ saxlanılan şəxsin təkcə fərdi məsuliyyəti deyil, onun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin də ifşa olunmasıdır. Hüquqi baxımdan yalnız bu halda əməliyyatın təsiri lokal deyil, strateji xarakter daşıyacaq”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Chosen
16
musavat.com

1Sources