EN

Qətər ABŞ hərbi əməkdaşlığı: Geosiyasi aləmdə hansı dəyişikliklər olacaq?

ain.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Qətər və ABŞ arasında müdafiə sahəsində əməkdaşlıq gücləndirilir.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Qətər əmiri Şeyx Təmim bin Həməd Əl-Tani və ABŞ dövlət katibi Marko Rubio arasında keçirilən görüşdə bildirilib. Tərəflər İsrailin Dohaya endirdiyi zərbənin nəticələrini müzakirə ediblər. Əmirliyin Xarici İşlər Nazirliyinin bəyanatına görə, İsrailin Qətərin paytaxtında HƏMAS rəhbərliyinin iqamətgahına endirdiyi zərbədən sonra növbəti hücumların qarşısını almaq üçün tədbirlərin görülməs qaçılmazdır.

Qətər-ABŞ hərbi əməkdaşlığı geosiyasi aləmdə hansı dəyişikliklərə səbəb ola bilər? Ümumiyyətlə, sözügedən əməkdaşlıq Qətərin təhlükəsizliyini təmin edə biləcəkmi?

Mövzu ilə bağlı politoloq Azər Qasımov öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, İsrailin Qətərin paytaxtı Dohada HƏMAS liderlərinə yönəlik əməliyyatının pərdə arxasında ABŞ-nin olduğu bir gerçəklikdir. ABŞ bir daşla iki quş vurur:

"Məsələ ondadır ki, ABŞ-nin 10 minlik ordu ilə regionda ən böyük hərbi bazası Qətərdədir. Qətər hava hücumundan müdafiə sistemlərini ABŞ silahları təşkil edir və onlar idarə edir. Belə bir durumda İsrailin həmin hava hücumundan müdafiə sistemlərini keçərək Dohadakı hansısa obyekti vurmasının başqa şəkildə izahı yoxdur. Buna rəğmən ABŞ hələ Qətərlə müdafiə sahəsində əməkdaşlıqdan, yeni silahların satılmasından danışır. Amma məsələ ABŞ-nin bu ikiüzlülüyü deyil, Qətərin özünü lal-kor yerinə qoymasıdır. Qətər guya bunu başa düşmür? Yeni hərbi əməkdaşlıqdan danışılması əslində, Qətərin özünü bu hadisədə kənara çəkməsi, guya hava hücumundan müdafiə sistemlərinin yetərli olmaması səbəbindən bu hadisənin baş verdiyini dünyaya göstərmək cəhdidir". 

Azər Qasımov: Qətər hakimiyyəti hərbi əməkdaşlığı ABŞ ilə yox, Türkiyə ilə gücləndirməlidir

Müsahibimiz Qətərin onsuz da ABŞ ilə əməkdaşlığının yüksək səviyyədə olduğunu vurğulayıb. Politoloqun fikrincə, ABŞ sadəcə Qətərə bir neçə milyardlıq silah sırıyacaq. Lakin bu, yenə də gələcək hücumlarda yetərsiz olacaq. Çünki onların idarəsi və kodları ABŞ-nin əlində olacaq.

A.Qasımov bildirib ki, Qətər hakimiyyəti ABŞ ilə əməkdaşlıq etməklə, öz dövlətini və hakimiyyətini qoruya bilsəydi, bir neçə il öncə BƏƏ və Səudiyyə Ərəbistanının Qətərə əmir Şeyx Təmim bin Həməd Əl-Tanini devirmək üçün Dohaya ordu yeritmək istəyəndə ABŞ buna mane olardı:

“Türkiyənin qətiyyətli addımı bu çevrilişin qarşısını aldı. İndi də Türkiyənin Qətərdə böyük hərbi bazası var. Qətər Şeyxi buna görə öz iqamətgahında sakit otura bilir, ABŞ ilə əməkdaşlığa görə yox... Hesab edirəm ki, Qətər hakimiyyəti hərbi əməkdaşlığı ABŞ ilə yox, Türkiyə ilə gücləndirməlidir. Bütün hava hücumundan müdafiə sistemlərini də Türkiyədən almalıdır".

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
30
1
bakivaxti.az

2Sources