EN

Yeni qaydalar, köhnə PROBLEMLƏR - Taksilər nə üçün əlçatmaz oldu?

Ötən il iyulun 1-də taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minib. Tətbiq edilən qaydalar taksi xidmətinin keyfiyyətinin yaxşılaşdırılmasına hesablansa da, müəyyən narazılıqlar yaranıb.

Narazılıqların əsasını taksi qıtlığı və qiymətlərin artması təşkil edir. Əvvəllər sifariş verilən ünvana 3-5 dəqiqəyə gələn taksilər indi ünvana ən tez halda 10 dəqiqəyə yetişirlər. Bəzənsə ekonom taksilər, ümumiyyətlə, tapılmır. Yəni artıq taksilər əvvəlki illərdəki kimi əlçatan deyil.
 

MÖVZU İLƏ BAĞLI:

Səssiz ARTIM - Taksilərdə gedişhaqqının qaldırılması ilə bağlı MÜHÜM AÇIQLAMA


Taksini əlçatmaz edənsə, qiymətlərin artmasıdır. 1-2 il öncə eyni məsafəyə görə indi ikiqat və daha çox məbləğ ödəməli olursan.

Qərar qəbul edilən ilk vaxtlar, yəni sürücülər təlimə cəlb edildiyi, taksi parkı yeniləndiyi üçün xidmətdə keyfiyyət hiss olunurdu.

Lakin indi taksilərdə yuxarıda göstərilən səbəblər də daxil olmaqla vəziyyət ürəkaçan deyil.

Mövzu barədə Bizim.Media-ya danışan nəqliyyat sahəsi üzrə ekspert Aslan Əsədov deyib ki, bu gün taksi fəaliyyəti ölkənin ən ağrılı məsələlərdən biridir:

"Taksi sayı çox deyil. Taksilərin ümumi olaraq istifadə qaydalarında çətin bir proses yaşanır. Taksilər həmişə şəhərin bir məntəqəsindən digər məntəqəsinə gedən zaman məsafəni qət edərkən başlanğıc qiymət tendensiyasından çıxış edirdilər.

Paytaxtla müqayisədə digər ölkələrdə taksi sifariş edəndə sürücü zəng edib demir ki, ödəniş kartladırsa, imtina et. Orada sifariş edirsən, konkret olaraq sifariş verirsən və sifariş haqqı göstərilir, xidmət olunur, əlavə ödənişdən və nədənsə söhbət getmir. Bizdə isə proses keçid dövrünü yaşayır. Avtobuslar belə bir keçid dövrünü yaşadı. Avtobus parkında 100-150 yenilənmə olursa, bu, intervala böyük təsir edir. Amma taksidə bu yüzlərlə, minlərlə olmalıdır".

O bildirib ki, taksi qıtlığının aradan qaldırılması üçün bir neçə yüzlərlə avtomobili olan şirkətlər yaranmalıdır:

"Bu, 5-10 maşın sayı ilə düzələn deyil. Kondisionerin olmaması və digər xidmətlərin keyfiyyətli olmaması başqa məsələdir. Bunlar məcburiyyət qarşısında xidmətdədir, o da olmasa, ümumiyyətlə, taksi fəaliyyəti minimuma enə bilər. Bu kimi amillər var və biz bunu nəzərdən qaçırmamalıyıq".

Günay Şahmar, Bizim.Media

Chosen
26
1
bizim.media

2Sources