EN

Kreml Rusiyada etnik diasporaları qadağan etməyə hazırlaşır – Azərbaycan da hədəfdə

Son günlər Kremlə yaxın təbliğat kanalları və saytlarında Rusiyada fəaliyyət göstərən milli diaspor təşkilatları ilə bağlı kəskin kampaniya başladılıb.

Həmin kanallarda yayılan materiallarda etnik icmaların Federal Milli-Mədəni Muxtariyyət (NKA) statusunda fəaliyyət göstərməsi “paralel hakimiyyət strukturu” kimi təqdim olunur və onların tamamilə ləğvi tələb edilir.

AzərRos nümunəsi gündəmdədir

Kremlçi dairələrin hədəfə aldığı təşkilatlardan biri də Rusiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti – AzərRosdur. Onun Nizamnaməsindəki bir sıra müddəalar Kreml yönümlü media tərəfindən “təhlükəli hüquqlar” kimi şərh olunub:

  • Etnik əsasda birləşmə, dilin və təhsilin inkişafı, mədəni adaptasiya;
  • Beynəlxalq müqavilələrə istinad və transsərhəd fəaliyyət;
  • Azərbaycan dilindən istifadə hüququ;
  • Xarici valyutada bank hesabları saxlamaq imkanı;
  • Öz simvolikası – emblem, bayraq, hətta himn;
  • Azərbaycan və Rusiyanın ərazilərinin təsvir olunduğu rəsmi emblem;
  • Medallar, mükafatlar təsis etmək və paralel “mədəniyyət nazirliyi” kimi fəaliyyət göstərmək;
  • Etnik informasiya məkanı yaratmaq və azərbaycanlıların bütün hakimiyyət səviyyələrində irəliləməsini dəstəkləmək.

Kremlçi təbliğatçılar iddia edirlər ki, bu cür hüquqlar etnik icmalara “paralel hakimiyyət” statusu qazandırır və dövlətin milli təhlükəsizliyi üçün risk yaradır.

AzərRos bu nümunənin yalnız bir hissəsidir, amma Rusiya ərazisində yüzlərlə, hətta minlərlə milli-mədəni muxtariyyət mövcuddur. Onların hər biri Ədliyyə Nazirliyi tərəfindən leqallaşdırılıb və illərdir fəaliyyət göstərir.

Ən diqqət çəkən məqam isə odur ki, Kremlçi dairələr rus etnik icması üçün bu cür federal muxtariyyət təsəvvür etməyi mümkünsüz sayırlar. Çünki belə bir təşəbbüs dərhal “ekstremizm” adı ilə qadağan edilərdi.

Azərbaycan xüsusi hədəfdə

Təhlillərdə göstərilir ki, Azərbaycan diasporu xüsusilə hədəf götürülür. Çünki Rusiyada 2 milyondan çox azərbaycanlı yaşayır, onların böyük hissəsi əmək fəaliyyəti ilə məşğuldur və göndərdikləri vəsaitlər həm ailələrinə, həm də Azərbaycan iqtisadiyyatına ciddi dəstək verir. Bu vəsaitlərin həcmi isə Kremlin təbliğat maşını tərəfindən “Azərbaycanın Rusiyadan asılılığı” kimi qələmə verilir.

Faşizm ritorikası

Kremlə yaxın kanallarda yayılan çağırışlar Rusiyanın daxilində “monoetnik dövlət” modelinin tətbiqi ideyası ilə səsləşir. Bu yanaşma isə ekspertlər tərəfindən açıq şəkildə faşizmə yuvarlanma kimi qiymətləndirilir.

Eyni zamanda, bu ritorika Rusiyanın xarici siyasəti ilə də üst-üstə düşür: Ukraynanın bombalanması, Polşaya yönələn təhdidlər və Şərqi Avropaya qarşı aqressiv addımlar Kremlin həm daxildə, həm də xaricdə təhlükəli yol seçdiyini göstərir.

Rusiyada etnik diasporaların fəaliyyətinə qarşı başlayan kampaniya yalnız Azərbaycan diasporunu deyil, ölkədə yaşayan bütün qeyri-rus xalqlarını hədəf alır. Bu isə həm sosial stabilliyə, həm də Rusiyanın çoxmillətli dövlət modeli anlayışına ağır zərbədir.

Musavat.com

Chosen
17
1
editor.az

2Sources