QHT.az xəbər verir ki, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihənin yekun tədbirində Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev çıxış edib.
O, Orta Asiyaya etdiyi səfərləri xatırladaraq bildirib ki, Qazaxıstan və Qırğızıstanda vətəndaş cəmiyyəti qurumları ilə keçirilən görüşlər, aparılan müzakirələr türk dünyasının birliyinin vacibliyini bir daha göstərib:
“Bizim bir yerdə olmağımız, müzakirələr aparmağımız çox önəmlidir. Türk dünyasının coğrafi məkanı bəllidir. Bu gün artıq iqtisadi və siyasi məkanımız da formalaşmaqdadır. Layihələrimiz davam etməli, qarşılıqlı əməkdaşlıq daha da güclənməlidir”, – deyə Umud Mirzəyev qeyd edib.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti çıxışında türk dünyasının yalnız öz daxilində deyil, həm də beynəlxalq platformalarda birgə fəaliyyət göstərməsinin zəruriliyini vurğulayıb:
“Biz yalnız inteqrasiyanı öz aramızda deyil, beynəlxalq səviyyədə də gücləndirməliyik. Vətəndaş cəmiyyəti qurumlarımız birlikdə beynəlxalq platformalarda iştirak etməli, ortaq mövqelər nümayiş etdirməlidirlər. Yaşasın Türk dünyası!”, – deyə o bildirib.
Pərvanə Fərhadqızı