EN

Dövlətçilik tariximizin şanlı qürur səhifəsi

Ses qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

2023-cü ilin 19-20 sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi qətiyyətli antiterror tədbirləri nəticəsində Qarabağda mövcud olmuş separatçı silahlı dəstələr tərksilah edildi, qondarma rejim ləğv olundu. Bununla da Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi. Bu əməliyyat dövlətçilik tariximizin ən mühüm səhifələrindən biri kimi yaddaşlara həkk olundu.

Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixli Sərəncamı ilə hər il 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilməyə başlanıldı. Bu günün təsis edilməsi 30 ildən artıq davam etmiş işğalın sona çatmasının, minlərlə şəhidin qanı və canı bahasına qazanılmış qələbənin rəmzidir.

2023-cü il oktyabrın 15-də Prezident, Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan bayrağını ucaltdı. Dövlət başçısının sözləri bu tarixi anın mahiyyətini açıq göstərirdi: “Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı... Düz 20 il bundan əvvəl xalqıma söz vermişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər icra edildi.” Bu çıxış Azərbaycan xalqının həmrəyliyini və dövlətin qətiyyətli siyasətinin nəticələrini nümayiş etdirdi.

Prezident İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli Sərəncamı ilə Xankəndidə Qarabağ Universiteti yaradıldı. Universitet artıq fəaliyyətə başlayıb və dövlət başçısının sözləri ilə desək, Xankəndi tələbələr şəhərinə çevrilb. Bu ali məktəb Qarabağın elmi, mədəni və sosial inkişafına böyük töhfə verəcək.

Azərbaycan Respublikasının Milli Məclisi 5 dekabr 2023-cü ildə qəbul etdiyi qanunla inzibati ərazi bölgüsündə dəyişiklik edərək, mərkəzi Ağdərə şəhəri olmaqla yeni Ağdərə rayonunun yaradılmasına qərar verdi. Bu qərar dövlət idarəçiliyinin səmərəliliyini artırmaq məqsədi daşıyır.

2023-cü il dekabrın 21-də Xankəndidə 30 ildən sonra ilk rəsmi futbol oyunu keçirildi. Ağdamın “Qarabağ” komandası Azərbaycan Kubokunun 1/8 final mərhələsində MOİK-lə qarşılaşdı. Prezident İlham Əliyevin oyunu izləməsi Qarabağın mədəni və idman həyatına dönüşün simvoluna çevrildi.

Prezident İlham Əliyev 2023-cü ildən bu günədək Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə çoxsaylı səfərlər etmiş, açılışlarda, təməlqoyma mərasimlərində iştirak etmişdir. Bu səfərlər regionda sürətlə aparılan bərpa-quruculuq işlərinin və dövlət siyasətinin praktiki təzahürüdür.

Bu gün artıq Xankəndi, Xocalı, Xocavənd, Ağdərə Azərbaycanın dövlətçilik tarixində yeni inkişaf mərhələsinin rəmzlərinə çevrilib və bayrağımız bu torpaqlarda əbədi dalğalanacaqdır.

Aytən Məmmədli

YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
23
6
sesqazeti.az

9Sources