EN

Mehmet Şimşek: NATO-nun müdafiə xərclərinin artması Türkiyə hərbi-sənaye kompleksi üçün böyük fürsətdir

Ankara, 17 sentyabr, AZƏRTAC

Türkiyənin maliyyə və xəzinə naziri Mehmet Şimşek NATO ölkələrinin müdafiə xərclərini artırmaq qərarını “ölkənin hərbi-sənaye kompleksi üçün böyük fürsət” adlandırıb.

AZƏRTAC xəbər verir ki, yerli televiziya kanallarının birində çıxış edən maliyyə naziri 2030-cu ilə qədər qlobal hərbi xərclərin hazırkı 2,7 trilyon dollardan 6 trilyon dollara qalxacağı ilə bağlı ekspert hesablamalarına diqqət çəkib.

“Hazırda Türkiyədə 1400-ə qədər müdafiə layihəsi həyata keçirilir. Ölkəmizin ilin sonuna qədər dünyanın ən çox silah ixrac edən 10 ölkəsi arasında yer alması gözlənilir”, -deyə Şimşək bildirib.

Türkiyəli nazir ticarət müharibələrinin ölkə iqtisadiyyatına mənfi təsirindən də danışıb. “Bölgədə və qlobal miqyasda ticarət müharibələri Türkiyəyə qismən mənfi təsir göstərir”, - deyən M.Şimşek xarici faktorların hökumətin Türkiyənin Ortamüddətli İqtisadi Proqramını həyata keçirmək öhdəliyinə təsir etmədiyini vurğulayıb.

O əlavə edib: “Ölkədə makroiqtisadi sabitliyin güclənməsi ilə Türkiyə investorlar üçün getdikcə daha cəlbedici olur”.

 
Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Chosen
24
2
azertag.az

3Sources