EN

Samir Əliyev: "Qarabağ" adını Azərbaycan futbol tarixinə qızıl hərflərlə yazdırdı"

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində "Benfika"nı məğlub etməklə adını Azərbaycan futbol tarixinə qızıl hərflərlə yazdırıb.

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycanın U-21 millisinin sabiq baş məşqçisi Samir Əliyev deyib.

Mütəxəssis komandadan növbəti oyunlarda daha böyük nəticələr tələb olunacağını deyib: "Qarabağ" UEFA Çempionlar Liqasında "Benfika" kimi komandanı səfərdə məğlub etməklə adını Azərbaycanın futbol tarixinə qızıl hərflərlə yazdırdı. Bu, 15, 20 il sonra da yada düşəcək. "Benfika" Joze Mourinyonun rəhbərlik etdiyi "Fənərbağça"nı məğlub etmişdi. Portuqaliya təmsilçisi köklü, həm də UEFA Çempionlar Liqasında yetərincə təcrübəsi olan komandadır. Dəfələrlə top-klubları məğlub ediblər. İlk dəqiqələrdə "Qarabağ"a iki qol vurdular. Həqiqətən mən də bir çoxları kimi "Qarabağ"ın geridönüş edəcəyinə inanmırdım. Amma möhtəşəm qələbə qazandılar. Avropada göstərdiyi oyunla komanda gücünü göstərdi. Dünənki uğurun təməli bir neçə il əvvəl qoyulub. Artıq "Qarabağ"a daha ciddi yanaşırlar və növbəti oyunlarda da belə olacaq. Həmçinin "Qarabağ"dan daha böyük nəticələr tələb olunacaq".

O, "Qarabağ"ın komanda ruhu hesabına qələbə qazandığını vurğulayıb: "Komanda illərlə formalaşmış beynəlxalq təcrübənin hesabına qələbə qazandı. Futbolçular, baş məşqçi uzun müddətdir birlikdədirlər. Komanda ruhu var. Qurban Qurbanov hər oyundan əvvəl deyirdi ki, bu bizim üçün təcrübədir. Bu uğur həmin o təcrübənin nəticəsidir".

S.Əliyev Ağdam təmsilçisinin bu mövsüm UEFA Çempionlar Liqasında çox xal toplayacağını düşünür: "Dünənki qələbədən sonra hər kəsin gözləntisi böyük olacaq. Püşkatmadan sonra əksəriyyət komandanın evdə oynayacağı rəqiblərdən xal ala biləcəyini yazırdı. Komanda artıq ilk 3 xalını qazandı. Hesab edirəm ki, "Qarabağ"ın bu mövsüm UEFA Çempionlar Liqasında topladığı xalların sayı daha çox olacaq".

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin ilk oyununda Portuqaliyada "Benfika"nı üstələyib - 3:2. Bu, Azərbaycan təmsilçilərinin qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində ilk qələbəsi kimi tarixə düşüb.

İdman.biz

Chosen
27
3
idman.biz

4Sources