EN

Büdcə daxilolmaları 30 faiz artacaq İqtisadçı

ain.az bildirir, Bakupost saytına əsaslanaraq.

Maliyyə Nazirliyi 2026-cı ilin dövlət büdcəsinin ilkin göstəricilərini açıqlayıb. Növbəti il üçün dövlət büdcəsinin gəlirləri 38.4, xərcləri isə 41.5 milyard manat proqnozlaşdırılır.

Bu ilin büdcə proqnozları ilə müqayisədə gələn il büdcə gəlirlərimiz 0.2 faiz, xərclərimiz 0.3 faiz artacaq. 2026-cı ildə dövlət büdcəsinin kəsiri 3.1 milyard manat olacaq. Gəlir və xərclərə nisbətən büdcə kəsiri 2,4 faiz artacaq.

Büdcə xərcləri ilə bağlı diqqətçəkən məqamları Bakupost.az-a şərh edən iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, neft qiymətləri götürülə biləcək risklərin idarə edilməsi baxımından maksimum həddə götürülüb:

“Bundan yuxarı götürülməsi heç doğru olmazdı. 65 dollarla götürülməsi isə düzgün və mümkündür. Əgər 60 dollar götürülsəydi, büdcə daha ehtiyatlı olardı, amma bu, kəsir və borclanmanın artması hesabına mümkün olardı”.

Ekspert əlavə edib ki, gəlir və xərclərə nisbətən büdcə kəsirinin artması xərclərin gəlirlərdən daha çox artması ilə bağlıdır:

“Hesab edirəm ki, 2026-cı ildə büdcə kəsirinin maliyyələşdirilməsi üçün hər hansı problem yaşanmayacaq. Çünki kəsirin böyük ölçüdə bilavasitə borclanma hesabına yerinə yetiriləcəyi proqnoz edilir. Bu gün Azərbaycanın borcu ÜDM-in təxminən 19 faizinə bərabərdir. Amma strateji baxımdan 30 faizə qədər borclanmanı yüksəltmək mümkündür. Burada hər hansı ciddi risk yoxdur”.

İqtisadçının sözlərinə görə, ən diqqətçəkən məsələlərdən biri də Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləğinin 2025-ci ilə müqayisədə 11,95% və ya 1 milyard 731 milyon manat azalmasıdır:

“Bu il büdcəyə 14 milyard 481 milyon manat proqnozlaşdırılsa da, gələn il 12 milyard 750 milyon manat nəzərdə tutulur. Əgər azalma dinamikası belə (bərabərsürətli) davam edərsə, 2033-cü ilin ortalarında transfert sıfıra çatacaq.

Təbii ki, bunun ehtimalı yüksək deyil. Bəlkə gələn il neft qiymətləri elə qalxacaq ki, 2027-ci ildə daha çox transfert edərək müxtəlif dövlət investisiya layihələri icra olunacaq. Hər halda, bu dəfəki transfert həcminin azaldılmasının əsas səbəbi neftin ehtimal edilən qiymət enişidir. Neft qiymətinin qalxması da bu həcmi yenidən qaldıra bilər. Və bu ehtimal yüksəkdir”.

E.Əmirov qeyd edib ki, 2026-cı ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 2 milyard 567 milyon manatı fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların payına düşəcək. Bu da bu illə müqayisədə 29,05 % çoxdur:

“Yəni bu il fiziki şəxslərdən gəlir vergisi kimi yığılan hər 100 manatın əvəzinə gələn il 129 manat 50 qəpik yığılacaq. Bəs bu artım nəyin hesabına baş verəcək? Adətən, belə artımlar daha çox beş səbəbdən qaynaqlanır. Birinci səbəb əmək haqlarının artması ola bilərdi. Lakin əmək haqlarının 29–30 faiz artması gözlənilmir.

İkincisi iş yerlərinin sayının artmasıdır, lakin yeni iş yerləri də bu qədər arta bilməz.

Üçüncüsü, inflyasiyanın təsiri ola bilərdi, amma bu həcmdə heç vaxt mümkün deyil.

Dördüncü hal vergi dərəcələrinin dəyişməsi ilə baş verə bilərdi. Lakin vergi dərəcələrinin bu həcmdə dəyişməsi gözlənilən deyil.

Bəs onda, 30 faizə yaxın vergi artımı necə baş verəcək? Qalır 2019-cu ildə qəbul edilmiş bir güzəştin bitməsinin təsiri. Belə ki, bunun əsas səbəbi böyük ehtimalla 2019-cu ildən qüvvədə olan və qeyri-neft-qaz, qeyri-dövlət sektorunda işləyən şəxslərin maaşlarının 8 000 manata qədər olan hissəsinə tətbiq edilən 7 illik vergi güzəştinin müddətinin artıq artırılmamasıdır. Yəni 2026-cı ilin 1 yanvarında həmin güzəştin bitməsi ilə onların gəliri də gəlir vergisinə cəlb olunacaq”.

İqtisadçı vurğulayıb ki, bu dəyişiklik büdcə daxilolmalarını 30 faiz artıracaq:

“Həmin kateqoriyadan olan şəxslərin vergi yükü də təbii ki, artacaq.

"Bəs 2019-cu ildə bu güzəşt niyə edilmişdi"? – deyə soruşan olsa, cavab sadədir: Bu güzəştin edilməsində əsas məqsəd qeyri-neft sektoru üzrə məşğulluğu təşviq etmək idi”.

Lalə Novruz,

BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
28
www.bakupost.az

1Sources