EN

"Qeyri-neft sektorunda ciddi geriləmə müşahidə olunur" -

“İqtisadi artım templərinin səviyyəsi və davamlılığı hər bir ölkənin inkişafında mühüm rol oynayır. Son vaxtlar ölkəmizdə bu templərin xeyli aşağı düşməsi ciddi narahatlıq doğurur”. Metbuat.az xəbər verir ki,millət vəkili Əli Məsimli son çıxışında ölkə iqtisadiyyatında müşahidə olunan geriləmələr, iqlim dəyişikliklərinin təsiri və sahibkarlıq mühitinin problemlərinə diqqət çəkib. Onun sözlərinə görə, kənd təsərrüfatı sahəsinə hər il böyük həcmdə vəsait ayrılmasına baxmayaraq, gözlənilən nəticələr əldə olunmur: “Araşdırmalar göstərir ki, orta müddətdə hər il kənd təsərrüfatına 500 milyon manat yönəldilməklə 5–6 ildən sonra 12 əsas məhsul növü üzrə 5–7% artıma nail olmaq mümkündür. Lakin uzun müddətdir ki, faktiki artım orta hesabla 3 faiz ətrafında olub. Bu ilin 8 ayında isə kənd təsərrüfatında 1 faizə yaxın enmə qeydə alınıb”. Ə.Məsimli qeyd edib ki, iqlim dəyişiklikləri və xüsusilə quraqlıq fermerlərin fəaliyyətinə ciddi ziyan vurur. Bu səbəbdən də “quraqlığın təbii fəlakətlər sırasına daxil edilməsi və bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi vacibdir. Bu addım fermerlərin maliyyə itkilərinin qarşısını almağa və onların növbəti ildə fəaliyyətini davam etdirməsinə real şərait yarada bilər”. Deputat neft sektorunda hasilatın azalmasının ümumi ÜDM-ə təsirinə də diqqət çəkib: “Əgər ötən ilin 8 ayında əvvəlki dövrə nisbətən ÜDM 4 faizdən çox artmışdısa, bu ilin eyni dövründə cəmi 1 faiz artım olub. Qeyri-neft ÜDM-də də ciddi geriləmə müşahidə olunur. 2023-cü ildə 8 ayda 7% artım olduğu halda, 2024-cü ilin müvafiq dövründə bu göstərici 2,6%-ə enib. Qeyri-neft sənayesində də ötən il 8%-lik artım fonunda bu il 4,8% nəticə qeydə alınıb”. Məsimli hesab edir ki, həm kənd təsərrüfatı, həm də sənaye üzrə problemlər və perspektivlər İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılmalıdır. Eyni zamanda sahibkarlıq mühitinin yaxşılaşdırılmasının da prioritet olduğunu vurğulayıb:

“Yerli və xarici iş adamları arasında sosioloji sorğuların keçirilməsi, sahibkarlığın qarşısındakı maneələrin aradan qaldırılması və bu sahənin xüsusilə regionlarda inkişafının təşviqləndirilməsi məqsədilə ayrıca dinləmənin keçirilməsi məqsədəuyğun olardı”.

Chosen
44
2
metbuat.az

3Sources