EN

İçərişəhərdə “Şirvanşahlar dövləti. Minillik tarixə dair yeni məxəz” adlı elmi-praktiki konfrans təşkil edilib

Bakı, 17 sentyabr, AZƏRTAC

Şirvanşahlar Sarayı Kompleksində “Şirvanşahlar dövləti. Minillik tarixə dair yeni məxəz” adlı elmi-praktiki konfrans və XV əsr Azərbaycan şairi Bədr Şirvaninin “Divan” əsərinin Azərbaycan dilinə tərcümə edilmiş kitabının təqdimatı keçirilib.

Bu barədə AZƏRTAC-a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Bildirilib ki, tədbirdə çıxış edən qoruğun idarə heyətinin sədri Rüfət Mahmud konfrans barədə məlumat verib.

Konfransda Şirvanşahlar dövrünün dövlətçilik ənənələri, siyasi idarəçilik mədəniyyəti, saray və cəmiyyət münasibətləri, iqtisadi və hüquqi münasibətlərin təşkili barədə müzakirələr aparılmış, tarixi sənədlər və yeni tədqiqat materialları nümayiş edilib.

Alimlər və tədqiqatçılar, həmçinin Bədr Şirvaninin poetik irsinin Azərbaycan dilinə tərcüməsinin tarixi və ədəbi əhəmiyyəti haqqında çıxış edərək, əsərin həm bədii, həm də elmi dəyərini diqqətə çatdırıblar.

Tədbir zamanı şairin şeirləri səsləndirilib.

“Divan” əsərinin Azərbaycan dilinə elmi tərcüməsini “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən edilib. Əsərin əlyazması hazırda Özbəkistan Respublikasının Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda mühafizə olunur.

Sonda iştirakçılara kitab nüsxələri hədiyyə edilib, tədbir klassik instrumental musiqi ilə yekunlaşıb.

Bədr Şirvani (1387–1450) yalnız klassik Azərbaycan poeziyasına deyil, həm də Azərbaycan ədəbi dilinin inkişafına mühüm töhfələr verib. Onun “Divan”ı XV əsrin birinci yarısının dil, tarix, sosial-iqtisadi və siyasi həyatına dair qiymətli məlumatlarla zəngindir və ilkin mənbə dəyərinə malikdir.

Chosen
25
10
azertag.az

10Sources