EN

Sülhün imzalanmasına aparan yol İlham Əliyevlə Paşinyanın BƏƏ də görüşündən başlayıb

ain.az bildirir, Redaktor.az portalına istinadən.

"Ötən gün Birləşmiş Ərəb Əmirlikləri prezidentinin ölkəmizə səfəri baş tutdu. Səfər çərçivəsində ölkə Prezidenti cənab İlham Əliyevlə birlikdə Qarabağa, Şuşaya səfər edildi və Şuşada çox əhəmiyyətli tarixi və mədəni abidələrimiz qonağa təqdim olundu".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini, deputat Jalə Əliyeva BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın ölkəmizə etdiyi səfərdən danışarkən bildirdi.

"Daha əvvəl Birləşmiş Ərəb Əmirliklərində ölkə Prezidenti İlham Əliyevin və Ermənistan Baş naziri Nikol Paşinyanın görüşü baş tutmuşdu. Bu görüşdən sonra Amerika Birləşmiş Ştatlarında əhəmiyyətli və tarixi görüşlər keçirildi, bir sıra önəmli sənədlər imzalandı. Düşünürəm ki, həmin sənədlərin imzalanması və bu prosesə aparan yol elə Birləşmiş Ərəb Əmirliklərində iki rəhbərin, Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin görüşündən başlamışdı", - deyə milət vəkili qeyd etdi.

Deputat əlavə etdi ki, Birləşmiş Ərəb Əmirliklərinin rəhbərinin dünən Azərbaycana gəlişi dövlətimizin strateji tərəfdaşlarının, dostlarının sayının gündən-günə artdığını bir daha göstərir.

"Bu gün Birləşmiş Ərəb Əmirlikləri Ərəbistan yarımadasında, Körfəz regionunda çox əhəmiyyətli bir mövqeyə malik, qüdrətli və söz sahibi bir ölkədir. Azərbaycanın həyata keçirdiyi balanslı siyasət, həm regionda, həm də dünyada dostpərvər və sülhpərvər siyasət hər keçən gün ona olan diqqəti artırır. Eyni zamanda, Azərbaycanın güclü dövlətə çevrilməsi, iqtisadiyyatının beynəlxalq layihələrdə söz sahibi olması, əhəmiyyətli layihələrə ev sahibliyi etməsi, ordusunun gücü, dövlətçiliyinin möhkəm təməllər üzərində qurulması ölkəmizə stabil və sağlam gələcək təmin edən bir status qazandırır. Dünənki səfər Azərbaycan dövlətinin, onun rəhbərinin həyata keçirdiyi siyasətin Ərəbistan yarımadasında da dəstəkləndiyini və ölkəmizin yeni və güclü tərəfdaş qazandığını nümayiş etdirdi. Bu, Azərbaycanın növbəti uğuru kimi qiymətləndirilməlidir", - deyə Jalə Əliyeva vurğuladı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
27
1
redaktor.az

2Sources