ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, ABŞ Senatında Rusiyanın “terrorizmin sponsoru dövlət” kimi tanınması ilə bağlı yeni qanun təşəbbüsü irəli sürülüb. Layihənin müəllifi respublikaçı senator Lindsey Grahamdır. Sənədin detallarının yaxın günlərdə açıqlanacağı gözlənilir.
Bu təşəbbüs Vaşinqton-Moskva münasibətlərinə necə təsir edə bilər? Hansı yeni gərginliklər olacaq?
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, ABŞ Prezidenti Donald Tramp hakimiyyətə qayıtdıqdan sonra Rusiya ilə münasibətlərdə yeni mərhələ başlayıb:
“Kreml onun yumşaq mövqeyindən istifadə edərək izolyasiyadan çıxmağa və Ukrayna cəbhəsi, Şərqi Avropa, eləcə də postsovet məkanında aqressiv fəaliyyətini genişləndirməyə çalışır. Trampın Rusiyaya qarşı təmkinli davranışı öz ölkəsində birmənalı qarşılanmır, hətta yaxın tərəfdarları bunu tənqid edir. Bu siyasət davam edərsə, Ağ Ev rəhbərinin siyasi çevrəsində də narazılıqlar açıq şəkildə özünü göstərəcək. O, bu məsələdə təklənə bilər. Rəsmi mövqedə hələlik ciddi dəyişiklik olmasa da, Moskvanı cilovlamağa yönəlmiş təşəbbüslər var”.
Oqtay Qasımov
Politoloq qeyd edib ki, sözügedən qanun layihəsini irəli sürən Graham Trampın yaxın müttəfiqlərindən biridir:
“Bu təşəbbüs həm Trampın yumşaq siyasətinə etiraz, həm də onun son vaxtlar ritorikasında müşahidə olunan sərtləşmənin nəticəsi ola bilər. Belə bir qanun qəbul edilərsə, Vaşinqton-Moskva münasibətləri kəskin şəkildə pisləşəcək, həmçinin Qərblə Rusiya arasında gərginlik artacaq. Bu, Kremlə qarşı təzyiqlərin güclənməsi və yeni sanksiyaların tətbiqi ilə müşayiət oluna bilər. Rusiya isə cavab addımları atmağa çalışacaq. Hazırda Moskvanın aqressiv mövqeyi qismən Çin və Hindistandan aldığı dəstək ilə bağlıdır. Xüsusilə Çin Rusiyanın məğlub olmaması üçün açıq şəkildə yardım göstərir. Bu isə Kremlin hərbi və siyasi addımlarını daha da sərtləşdirir. Lakin ABŞ və NATO sərt tədbirlər görsə, sanksiyaları gücləndirsə, həmçinin Ukraynaya yardımı artırsalar, Rusiyanın mövqeyi dəyişə bilər. Çünki Moskva yalnız güc dilini anlayır. Əks halda, Rusiya aqressiv siyasətini davam etdirəcək”.
Ləman İmran
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.